Xocasən qəsəbəsinin qaz təsərrüfatı yenidən qurulur
Bakı, 21 fevral, AZƏRTAC
Xocasən qəsəbəsinin qaz təsərrüfatında yenidənqurma işləri aparılır.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, birlik tərəfindən respublikanın qaz təchizatı sisteminin yenidən qurulması, təbii qaz almayan yaşayış məntəqələrinin “mavi yanacaq”la təchiz olunması, eyni zamanda, istismara yararsız qaz xətlərinin yeniləri ilə əvəz olunması məqsədilə intensiv iş aparılır. Bakı daxil olmaqla, şəhərin ətraf kənd və qəsəbələrində bu sahədə aparılan işlər xüsusilə xarakterikdir.
Belə ki, Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində yaşayan abonentlərin qaz təchizatının yaxşılaşdırılması üçün aparılan işlər geniş vüsət alıb. Hazırda qəsəbəni təbii qazla təmin edən diametri 219 millimetr olan korroziyaya uğramış yerüstü qaz xətlərinin yeni 250 millimetrlik polietilen yeraltı qaz xətləri ilə əvəzlənməsi işləri həyata keçirilir. Uzunluğu 4800 metr təşkil edəcək həmin qaz kəmərinin çəkilişinə başlanılıb və 600 metrə yaxın hissəsində isə işlər tamamlanıb. İşlərin tez bir zamanda başa çatdırılması üçün birliyin təmir-tikinti briqadaları tərəfindən gün ərzində asfalt və torpaq örtüyünün qazılaraq daşınması, yeni qaz kəmərinin texniki parametrlərə uyğun olaraq çəkilməsi və üzərinin torpaqla bağlanması işləri aparılmaqdadır. Yeni çəkiləcək qaz kəməri Xocasən qəsəbəsində yaşayan istehlakçıları texnoloji rejimə uyğun olaraq davamlı və fasiləsiz təbii qazla təmin edəcək.
Yeni kəmərin çəkilişi ilə əlaqədar adıçəkilən qəsəbədə yaşayan abonentlərin qaz təchizatında heç bir fasilə yaranmayıb.
Respublikanın qaz təsərrüfatının inkişaf etdirilməsi məqsədilə qaz şəbəkəsinin yenidən qurulması, istehlakçıların qaz təchizatının bərpası ilə yanaşı, yeni qaz kəmərlərinin çəkilməsi, yaşayış sahələrinin qazlaşdırılması, təbii qazdan səmərəli istifadə edilməsi “Azəriqaz” İstehsalat Birliyinin başlıca vəzifələrindən biridir və bu istiqamətdə işlərin icrası davam etdirilir.