Xocavəndli məcburi köçkünlər arasında maskalardan istifadə və sosial məsafənin qorunmasına nəzarət gücləndirilib
Beyləqan, 9 iyun, AZƏRTAC
Xocavəndli məcburi köçkünlərin Beyləqan rayonu ərazisində məskunlaşdığı qəsəbələrdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə kompleks şəkildə profilaktik tədbirlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, epidemiya ilə bağlı tibbi-profilaktik vəziyyət ciddi nəzarət altında saxlanılaraq təxirəsalınmaz işlər görülür, maarifləndirmə tədbirləri həyata keçirilir. Məcburi köçkünlər arasında maskalardan istifadə və sosial məsafənin qorunmasına nəzarət gücləndirilib.
Sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, digər şəxslərlə minimum kontaktda olmaq, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmələri tövsiyə edilir. Bildirilir ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” qəbul etdiyi qərara əsasən, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərti ilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir.