İQTİSADİYYAT
Xocəsən–Lökbatan yolunda yerləşən piyada keçidinin təmir-bərpa işləri yekunlaşıb
![Xocəsən–Lökbatan yolunda yerləşən piyada keçidinin təmir-bərpa işləri yekunlaşıb](/files/2023/3/1200x630/1700128564378449989_1200x630.jpg)
Bakı, 16 noyabr, AZƏRTAC
Vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə Xocəsən-Lökbatan avtomobil yolunun 2-ci km-də yerləşən yerüstü piyada keçidində aparılan təmir-bərpa işləri yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, layihəyə uyğun olaraq öncə keçidin deformasiyaya uğramış aşırım hissəsinin sökülməsi işləri aparılıb. Daha sonra keçidin yeni aşırım hissəsinin quraşdırılması həyata keçirilib.
Bərpa işləri zamanı keçidin fasadı, tavanı və döşəməsi əsaslı şəkildə təmir olunub, alt hissədə və kənarlarda olan üzlük materialları yeniləri ilə əvəzlənib. Bundan başqa, keçidin yan şüşələrinin metal torlarla əvəzlənməsi və işıqlandırma sisteminin yenilənməsi işləri icra olunub.
Qeyd olunub ki, təmir-bərpa işləri zamanı 36 metr uzunluğa malik sözügedən keçidin yerdən hündürlüyü 4.5 metrdən 5.6 metrə qədər artırılıb.