Xoşbəxt uşaqlar işıqlı gələcək deməkdir
Samux, 1 iyun, AZƏRTAC
Samuxda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Xoşbəxt olsun uşaqlar” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, rayon ictimaiyyətinin nümayəndələri, şəhid övladları, məktəblilər iştirak ediblər.
Çıxışlarda ölkəmizdə uşaqların hüquqlarının qorunması və onların müdafiəsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu xüsusi vurğulanıb. Bildirilib ki, yetişməkdə olan nəslin sağlam, təhlükəsiz və xoşbəxt böyüməsi üçün müxtəlif qanunlar, proqramlar və sosial layihələr həyata keçirilir. Xoşbəxt uşaqlar işıqlı gələcək deməkdir. Bütün uşaqlara sağlamlıq, uğurlu gələcək arzulanıb. Tədbir Sərkar Uşaq Musiqi Məktəbinin “Şur” instrumental ansamblının hazırladığı rəngarəng konsert proqramı ilə davam edib.
Tədbirin sonunda şəhid övladlarına hədiyyələr təqdim olunub.
Müxbir – Vüsalə Cənnətova