Xudat şəhəri və ətraf kəndlərdən olan şəhid ailələri ziyarət olunub
Xaçmaz, 15 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda Xudat şəhəri, Köhnə Xudat, Aşağı Ləgər, Digahoba, Fərzəlioba və İdrisoba kəndlərindən olan şəhid ailələri, qazilər və ağsaqqallarla görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev Xudat şəhərində və Köhnə Xudat kəndində şəhid ailələri və qazilərlə birlikdə torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən oğullarının məzarlarını ziyarət ediblər.
Görüşdə bildirilib ki, dövlətimiz Vətən müharibəsində şəhid olan və ya yaralanan hərbi qulluqçularımızın ailələrini daim diqqət mərkəzində saxlayır.
Elnur Rzayev 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbədən danışaraq, döyüşlər zamanı Xaçmaz rayonundan olan mərd oğulların böyük şücaət göstərdiyini bildirib. 27 sentyabr tarixini Zəfərin başlanğıcı kimi səciyyələndirən E.Rzayev tarixi qələbədə pay sahibi olan bütün xaçmazlı şəhidlərin daim yad olunacağını və şəhid ailələri ilə görüşlərin mütəmadi təşkil ediləcəyini vurğulayıb.
Görüş iştirakçılarına Xudat şəhərində həyata keçirilən abadlıq və quruculuq işləri barədə də ətraflı məlumat verib. Bildirilib ki, şəhərdə bir çox məhəllədaxili yollar əsaslı təmir olunur, müasir işıqlandırma sistemi qurulur.
Şəhid ailələri və Qarabağ qaziləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.