Xüsusi karantin rejiminin sərtləşdirildiyi dövrdə üç rayonda taxil biçini dayandırılmayacaq
Bakı, 12 iyun, AZƏRTAC
Xüsusi karantin rejiminin sərtləşdirildiyi dövrdə üç rayonda taxil biçini dayandırılmayacaq.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, Nazirlər Kabineti “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 9 iyun tarixli 196 nömrəli qərarına dəyişiklik edib. Dəyişikliklərə əsasən, rayonlarda kənd təsərrüfatı məhsullarının toplanması ilə bağlı, habelə növbəli suvarma, təxirəsalınmaz baytarlıq və bitki mühafizə xidmətləri də fəaliyyət göstərəcək. Bu xidmətlə fəaliyyət göstərən fiziki şəxslərin hərəkətinə olduğu yer üzrə yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəliklərinin arayışı əsasında yol verilir. Fermer tərəfindən müvafiq arayış xüsusi karantin rejiminin sərtləşdirilməsinin nəzərdə tutulduğu günədək əldə edilir və arayışda fiziki şəxsin soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, hərəkətinə icazə verilən ərazi və arayışın qüvvədə olduğu müddət göstəriləcək.
Qərarla sərt karantin günlərində rayonlarda kənd təsərrüfatı məhsullarının toplanması ilə bağlı fəaliyyət, habelə növbəli suvarma, təxirəsalınmaz baytarlıq və bitki mühafizə xidmətləri göstərən kənd təsərrüfatı texnikalarının hərəkətinə də icazə verilir.
Qeyd edək ki, 2020-ci il iyunun 14-ü saat 00:00-dan iyunun 16-sı saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək.