Yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 8,1 milyard dollar olub
Bakı, 13 iyun, AZƏRTAC
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla bu ilin yanvar-aprel aylarında xarici ticarət dövriyyəsi 8 milyard 180,5 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 4 milyard 798,7 milyon dollar, idxalın dəyəri 3 milyard 381,8 milyon dollar təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, nəticədə 1 milyard 416,9 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 25,5 faiz, real ifadədə 17,1 faiz, o cümlədən idxal 40,5 faiz, ixrac isə 0,4 faiz azalıb. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, xarici ticarət dövriyyəsinin 86,4 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, ABŞ, Hindistan, Ukrayna, İsrail, Almaniya, Yunanıstan, Xorvatiya, Gürcüstan, Çexiya, Tunis, Portuqaliya, İspaniya, Avstriya, Fransa ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,1 faizi Rusiyanın, 14,9 faizi Türkiyənin, 12,6 faizi Çinin, 9,6 faizi ABŞ-ın, 5,3 faizi Almaniyanın, 4,4 faizi İtaliyanın, 4,3 faizi Ukraynanın, 2,8 faizi İranın, 2,2 faizi Birləşmiş Krallığın, 1,9 faizi Yaponiyanın, 1,7 faizi Fransanın, 1,6 faizi Koreyanın, hər biri 1,3 faiz olmaqla Türkmənistan və Hindistanın, 1,2 faizi Belarusun, 16,8 faizi isə digər ölkələrin payına düşüb.
İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının, nəqliyyat vasitələrinin, bitki mənşəli məhsulların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib. İdxalın 66,6 faizi avtomobil, 19,3 faizi dəmir yolu, 9,4 faizi hava, 4,6 faizi dəniz nəqliyyatı ilə gətirilib, 0,1 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib.
İxracın 38,1 faizini İtaliyaya, 16,1 faizini Türkiyəyə, 4,9 faizini İsrailə, 4,5 faizini Hindistana, 3,6 faizini Yunanıstana, 3,1 faizini Rusiyaya, 3 faizini Xorvatiyaya, 2,7 faizini Ukraynaya, 2,6 faizini Çexiyaya, 2,5 faizini Gürcüstana, 2,3 faizini Tunisə, 1,9 faizini Portuqaliyaya, 1,8 faizini Almaniyaya, 1,5 faizini İspaniyaya, hər biri 1,4 faiz olmaqla Vyetnam və Avstriyaya, 1,2 faizini Çinə, 7,4 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Cari ilin yanvar-aprel aylarında ixracın 90,2 faizini boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş, 5,9 faizini avtomobil, 2,3 faizini dəmir yolu, 1,1 faizini hava, 0,5 faizini dəniz nəqliyyatı ilə göndərilmiş məhsulların dəyəri təşkil edib. İxracın strukturunda xam neft, təbii qaz, neft-qaz məhsulları, meyvə və tərəvəzlər, plastik kütlə və ondan hazırlanan məmulatlar, pambıq lifi və ipliyi, kimya sənayesi məhsulları, alüminium və ondan hazırlanan məmulatlar, qara metallar və onlardan hazırlanan məmulatlar, bitki yağları, alkoqollu və alkoqolsuz içkilər, şəkərin payı daha çox olub.