SİYASƏT
YAP Gənclər Birliyi internet aksiyasına başlamışdır
Bakı, 28 noyabr (AZƏRTAC). ABŞ-ın Kaliforniya ştatının Haylənd şəhərinin meriyası Azərbaycanın işğal altında olan Laçın şəhəri ilə qardaşlaşmışdır. Bu barədə AZƏRTAC-a Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva məlumat vermişdir.
Onun sözlərinə görə, şəhər meriyası qondarma “Dağlıq Qarabağ Respublikası”nı da tanımışdır. Bununla əlaqədar olaraq YAP Gənclər Birliyi internet vasitəsilə etiraz aksiyasına başlamışdır.
A.Əliyeva qeyd etmişdir ki, Haylənd şəhər meriyasının belə bir addım atması təəssüf doğurur. Bu ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyəti, dünyaya ünvanlanmış demokratiya, insan haqları kimi çağırışları ilə tam ziddiyyət təşkil edir.
YAP Gənclər Birliyinin sədr müavini daha sonra demişdir: ki, Biz Haylənd şəhərinin meriyasının elektron səhifəsinə daxil olaraq oradan elektron ünvanları götürür və meriyanın rəhbər şəxslərinə ayrı-ayrılıqda müraciətlər göndəririk. Aksiya bir neçə gün davam edəcək. Biz Azərbaycanın haqq səsini dünyaya çatdırırıq. Belə ki, elektron ünvanlara göndərilən etiraz məktublarında Ermənistanın işğalçılıq siyasəti, Xocalıda və digər yerlərdə dinc azərbaycanlılara qarşı törədilən vəhşiliklər haqda geniş məlumatlar yer alır. Güman edirik ki, Haylənd şəhərinin meriyası bütün bunlardan xəbərsiz olduğu üçün belə yanlış addım atmışdır. Məqsədimiz Kaliforniya ştatının Haylənd şəhər meriyasının bu addımdan geri çəkilməsinə nail olmaqdır. “Facebook” sosial şəbəkəsində bütün gənclərə çağırış etmişik ki, bizə qoşularaq etiraz səslərini ucaltsınlar”.
A.Əliyeva YAP Gənclər Birliyinin əvvəllər də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar internet aksiyaları keçirdiyini xatırlatmışdır.