CƏMİYYƏT
YAP Gənclər Birliyinin iclası keçirilib
Bakı, 6 dekabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin iclası keçirilib.
YAP-dan AZƏRTAC-a bildiriblər ki, iclasda Gənclər Birliyinin 2024-cü il ərzində həyata keçirdiyi işlər və gələcək fəaliyyət istiqamətləri müzakirə edilib.
Gənclər Birliyinin sədri Bəxtiyar İslamov cari ildə birliyin fəaliyyətinin YAP Mərkəzi Aparatının tövsiyə və tapşırıqlarına uyğun təşkil edildiyini vurğulayıb. O, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya üçün innovasiyalar” rəqəmsal ideya müsabiqəsi və “Nə? Harada? Nə zaman?” ümumrespublika intellektual oyununun keçirildiyini bildirib. Bu tədbirlərin gənclərin innovasiya yönümlü potensialını üzə çıxarmaq, həmrəylik ruhunu gücləndirmək və ekoloji maarifləndirməyə dəstək vermək məqsədi daşıdığı qeyd edib.
İclasda ali təhsil müəssisələrində fəaliyyət göstərən “YENİ Klub”ların əhatə dairəsinin genişləndirilməsi və fəaliyyətlərinin inkişaf etdirilməsi üçün təkliflər irəli sürülüb, eləcə də YAP Gənclər Birliyinin qarşıdakı 6 aylıq fəaliyyət planı müzakirə olunub. Bu çərçivədə 2025-ci ildə tələbələrin intellektual potensialının, liderlik bacarıqlarının inkişafı, yaradıcı təşəbbüslərin artırılması və onların innovativ fəaliyyətlərə təşviq olunmaları məqsədilə daha çox layihənin reallaşdırılması qərara alınıb.