YAP Laçın rayon təşkilatının üzvləri şəhid ailəsini ziyarət ediblər
Ağcabədi, 7 aprel, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının fəalları 2016-cı ilin Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan Ülvin Camaləddin oğlu Məmmədovun ailəsinə baş çəkiblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, YAP fəalları və şəhidin ailə üzvləri əvvəlcə Ülvin Məmmədovun məzarını ziyarət edib, qəbirüstü abidəsi önünə tər qərənfillər düzüblər. Sonra şəhidin ailə üzvlərinin məskunlaşdıqları qəsəbəyə gələn partiya fəalları onların mənzil-məişət şəraiti ilə maraqlanıblar.
Laçın rayon təşkilatının sədri İlqar İlyasov tariximizə şanlı səhifə kimi yazılmış Aprel döyüşlərinin, eləcə də şəhidin keçdiyi mübariz döyüş yolunun gələcək nəsillərə örnək olduğunu deyib. Bildirib ki, 2016-cı ilin Aprel döyüşləri zamanı müzəffər ordumuz düşmən üzərində qələbə qazanaraq bir neçə yüksəkliyi işğaldan azad etməklə xalqımızda döyüş ruhunu və özünə inam hisini daha da artırdı. Bunun nəticəsidir ki, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə silahlı qüvvələrimiz düşmən üzərində inamlı qələbə qazanaraq, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etdi.
Görüş zamanı bildirilib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə, qazilərə xüsusi diqqət və qayğı ilə yanaşırlar. Dövlətimiz tərəfindən bu qəbildən olan insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində konkret tədbirlər görülür.
Şəhidin ailə üzvləri göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.