YAP Suraxanı rayon təşkilatında şəhid ailələri ilə görüş keçirilib
Bakı, 12 mart, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatında şəhid ailələri ilə görüşlər davam edir.
YAP-dan AZƏRTAC-a bildiriblər ki, Vətən müharibəsində qəhrəmancasına şəhid olan Suraxanı rayon sakinləri Qasımlı Muxtar Əli oğlunun atası Əli Qasımov və Əliyev Yunis Zaur oğlunun atası Zaur Əliyev ilə karantin qaydaları çərçivəsində partiyanın Suraxanı rayon təşkilatının inzibati binasında görüş olub.
Görüşdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidlərimizin xatirəsini əziz tutaraq bildirib ki, rayon təşkilatı şəhidlərimizin xatirəsinin yaşadılması ilə bağlı məqsədyönlü işlər görməkdədir. Bu günədək onlarla şəhid ailəsi ziyarət edilib, onların sosial, mənəvi problemləri ilə maraqlanılıb. Xüsusi qeyd edilib ki, rayon təşkilatı Zəfərimizin rəmzi olan "Xarı bülbülün" təsviri üzərində şəhidlərimizin şəkilləri əks olunmuş xalçaların toxunulması və ailələrə təqdim edilməsi ilə bağlı layihə həyata keçirir.
Daha sonra şəhid Əliyev Yunis Zaur oğlunun və şəhid Qasımlı Muxtar Əli oğlunun şəkillərinin təsvir olunduğu xalçalar ailələrinə hədiyyə edilib.
Şəhid atası Zaur Əliyev və Əli Qasımov YAP Suraxanı rayon təşkilatının rəhbərliyinin, o cümlədən Gənclər Birliyinin fəal üzvlərinin onları evlərində ziyarət etdiklərini xoş xatirə kimi yadda saxladıqlarını vurğulayaraq minnətdarlıqlarını bildiriblər.