DÜNYA
Yaponiya hökuməti ölkəyə gəlişlə əlaqədar məhdudiyyəti daha bir ay uzatmağı planlaşdırır
Tokio, 12 iyun, AZƏRTAC
Yaponiya hökuməti koronavirus pandemiyasına görə bu ölkəyə gəlişi daha bir ay uzatmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Yomiuri shimbun” qəzeti iyunun 12-də məlumat yayıb. Bildirilir ki, Yaponiya hökuməti iyunun sonlarında başa çatması gözlənilən bu ölkəyə gəlişlə əlaqədar məhdudiyyəti ən azı daha bir ay uzadacaq. Rəsmi olaraq bu barədə qərarın Baş Nazir Şinzo Abenin sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası zamanı qəbul olunacağı gözlənilir.
Bununla yanaşı, koronavirus pandemiyası ilə əlaqədar vəziyyətin sabitləşdiyi bir sıra ölkələrdən gəliş məhdudiyyətinin mərhələlərlə aradan qaldırılacağı da bildirilir. İlkin olaraq bu siyahıda Vyetnam, Avstraliya, Yeni Zelandiya və Tailandın adları qeyd edilir.
Xatırladaq ki, Yaponiya koronavirus pandemiyasına görə Azərbaycan da daxil olmaqla 100-dən artıq ölkənin vətəndaşlarının buraya gəlişinə məhdudiyyətlər tətbiq edib. Baş Nazir Şinzo Abe mayın 25-də bu məhdudiyyətlərin iyunun sonunadək davam edəcəyini bildirib.
Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə, Yaponiyada koronavirusa 18 mindən artıq insan yoluxub. Onlardan 16 mindən çoxunun sağaldığı, 935 nəfərin isə həyatını itirdiyi bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio