DÜNYA
Yaponiya və Avstraliya liderləri təhlükəsizlik sahəsində əməkdaşlıq barədə birgə bəyannamə imzalayıblar
![Yaponiya və Avstraliya liderləri təhlükəsizlik sahəsində əməkdaşlıq barədə birgə bəyannamə imzalayıblar](/files/2022/3/1200x630/16664492992459132823_1200x630.jpg)
Tokio, 22 oktyabr, AZƏRTAC
Yaponiyanın Baş naziri Fumio Kişida avstraliyalı həmkarı Entoni Albanaze ilə növbəti onillik ərzində təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlı yeni birgə bəyannamə dərc ediblər.
AZƏRTAC xəbər verir ki, iki ölkənin liderləri birgə bəyannaməni oktyabrın 22-də Pert şəhərində keçirilən görüş zamanı imzalayıblar. Bildirilir ki, sənəddə regionda təhlükəsizliklə bağlı yaranmış son vəziyyətə münasibət, xüsusən dənizçilik sahəsində müşahidə edilən gərginlik əksini tapıb.
Eyni zamanda, bəyannamədə qanunlara əsaslanan qaydaların mövcudluğunun zəruriliyi də qeyd olunub. Vurğulanıb ki, Yaponiya və Avstraliya hər iki tərəfə və ətraf ölkələrə təsir göstərə biləcək gözlənilməz vəziyyətlərə birlikdə cavab verilməsinin yollarını müzakirə edəcəklər.
Birgə bəyannamədə, həmçinin deyilir ki, Yaponiyanın özünümüdafiə qüvvələri və Avstraliya hərbiçiləri birgə təlimlər və obyektlərdən müştərək istifadə yolu ilə də əməkdaşlığı gücləndirəcəklər.
F.Kişida və E. Albaneze sıxılmış təbii qaz, nadir metallar və digər ehtiyatların tədarükü sahəsində əməkdaşlığı genişləndirəcəklərini də təsdiq ediblər.
Görüşdən sonra keçirilən mətbuat konfransında F.Kişida bildirib ki, imzalanan yeni bəyannamə müdafiə və təhlükəsizlik sahələrində qarşıdakı 10 ildə bir sıra məsələlərlə bağlı ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə şərait yaradacaq.
Tokio