Yaponiyanın Keio Universitetində Azərbaycana həsr olunmuş təqdimat keçirilmişdir
Tokio, 4 iyun (AZƏRTAC). Yaponiyanın nüfuzlu ali təhsil ocaqlarından biri olan Keio Universitetində Azərbaycana həsr edilmiş təqdimat keçirilmişdir. 1858-ci ildə yaradılmış Keio Universiteti Yaponiyanın ən aparıcı özəl universiteti hesab edilir.
Təqdimatda beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan yerli və xarici tələbələr, aspirantlar və universitetin müəllim heyəti iştirak etmişdir.
Tədbirdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə çıxış edərək, ölkəmizin son illərdə qazandığı böyük uğurlar barədə ətraflı məlumat vermişdir. O, Azərbaycanın dövlət atributları, coğrafi mövqeyi, təbiəti, əhalisi, dini tolerantlığı, iqtisadiyyatı, enerji siyasəti barədə geniş danışmışdır.
XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barədə məlumat verən diplomat onun müsəlman Şərqinin ilk demokratik parlamentli respublika olduğunu bildirmiş və 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etməsi barədə məlumat vermişdir.
Azərbaycanın müstəqilliyini bərpa etdiyi son 23 ildə dünya birliyinə inteqrasiyası istiqamətində uğurları, xüsusilə də Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TAP və TANAP layihələri, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri kimi beynəlxalq iqtisadi layihələrdə rəsmi Bakının aparıcı mövqeyi diqqətə çatdırılmışdır. Səfir, həmçinin ölkəmizin dünyada atan nüfuzu, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki əhəmiyyətli rolu haqqında danışmışdır. Bundan əlavə, Azərbaycan hökumətinin qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirdiyi vurğulanmış, sənaye, turizm, kənd təsərrüfatı, alternativ və bərpa olunan enerji mənbələri sahələrində geniş imkanların mövcudluğu bildirilmişdir.
Mühazirədə Azərbaycanın etibarlı tərəfdaş kimi beynəlxalq münasibətlər sistemində özünü doğrultduğu diqqətə çatdırılmış, ölkəmizin 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin bunun bariz nümunəsi olduğu vurğulanmışdır.
Eyni zamanda, səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və ağır nəticələri barədə ətraflı məlumat vermiş, onun Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsi ilə bağlı Yaponiyanın nümayiş etdirdiyi mövqeyi yüksək qiymətləndirmişdir.
Diplomat Azərbaycan ilə Yaponiya arasındakı diplomatik əlaqələrin inkişafına və son dövrdə ikitərəfli münasibətlərdə əldə edilmiş nailiyyətlərə də toxunmuşdur.
2014-cü il fevral ayının 9-da Azərbaycanın Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinin qeyd edildiyini vurğulayan səfir ölkəmizin bu qədim və ayrılmaz hissəsi haqqında da ətraflı məlumat vermiş, onun tarixən çətin sınaqlarla dolu mürəkkəb və şərəfli yol qət etdiyini diqqətə çatdırmışdır. Naxçıvanın tarixi, mədəniyyəti, abidələri, turizm imkanları haqqında fotoşəkillər də təqdimatda öz əksini tapmışdır.
Sonra səfir iştirakçıların suallarını cavablandırmışdır.
Tədbirdə Azərbaycan haqqında videoçarx nümayiş etdirilmiş, yapon dilində nəşr edilmiş “İRS-İsan” jurnalının son buraxılışı iştirakçılara paylanmışdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio