Yasamal rayonundakı ofis və mağazalardan oğurluq etməkdə şübhəli bilinən şəxs yaxalanıb
Bakı, 10 iyun, AZƏRTAC
Bakıda və Lənkəranda oğurluqla məşğul olan şəxslər yaxalanıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Yasamal rayonu ərazisindəki bir ofisdən, üç mağazadan pul, mobil telefon, bijuteriya və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini S.Pənahov rayon polis idarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 8-də Lənkəran dəmir yolu stansiyasının ərazisində piyada körpüsünün beş ədəd qoruyucu məhəccərini sökərək oğurlamaqda şübhəli bilinən Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş K.Xanverdiyev tutulub.
Faktlarla bağlı təhqiqat aparılır.