CƏMİYYƏT
“Yay Fest”in üçüncü - “Yaradıcılıq” həftəsinə start verilib
Bakı, 3 avqust, AZƏRTAC
Azərbaycanın ən böyük gənclər festivalı olan “Yay Fest”in üçüncü - “Yaradıcılıq” həftəsinə start verilib.
Azərbaycan Respublikası Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, festivalın növbəti həftəsinin açılış mərasimi keçirilib.
Mədəniyyət Nazirliyi və Gənclər Fondunun rəsmi nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın bütövlüyü uğrunda döyüşən rəşadətli Ordumuzun şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Mərasimin qeyri-rəsmi hissəsində istedadlı gənclər müxtəlif musiqi və rəqs nümunələrini təqdim ediblər. Tədbirin xüsusi qonağı müğənni Azad Şabanov düşərgə iştirakçıları üçün sevilən mahnılarını ifa edib.
Öncədən elan olunmuş müsabiqə mərhələlərini uğurla tamamlayan 200-dən çox gəncin qatıldığı “Yaradıcılıq” düşərgəsi beş gün müddətində davam edəcək. Düşərgə çərçivəsində iştirakçılar üçün mütəxəssislər tərəfindən milli və xarici rəqslər, təsviri incəsənət nümunələri, həmçinin müxtəlif sosial mövzular üzrə təlimlər, Xalq artistləri, incəsənət xadimləri və bir çox məşhur şəxslərlə görüşlər keçiriləcək. “Yaradıcılıq” düşərgəsində gənclərin əyləncələrinin təmin edilməsi məqsədilə istedadlar müsabiqəsi təşkil olunacaq və qalib gələn gənclər mükafatlandırılacaq. Bununla yanaşı düşərgə müddətində master klaslar, konsert proqramları, yığıncaqlar, fləşmoblar, müxtəlif yarışlar, mədəniyyət abidələrinə səfərlər təşkil olunacaq.
Qeyd edək ki, artıq üçüncü dəfə həyata keçirilən “Yay Fest” gənclər festivalı Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin birdə təşkilatçılığı ilə baş tutur.
İyulun 19-dan sentyabrın 9-dək keçiriləcək festival çərçivəsində mərhələli şəkildə fərqli mövzular (Tələbəlik, Dəmir Yumruq, Yaradıcılıq, Könüllülük, UN SDG, İdeyadan Biznesə, Karyera və İnkişaf, Həmrəylik) üzrə səkkiz düşərgə təşkil olunacaq.