Yekaterinburq televiziyası ilə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə haqqında film göstərilib
Moskva, 16 may, AZƏRTAC
Böyük Qələbənin 70 illiyinin bayram edilməsi çərçivəsində Azərbaycanın Yekaterinburqdakı baş konsulluğunun dəstəyi ilə OTV vilayət telekanalının efirində “Uzaq sahillərdə” bədii filmi göstərilib. Azərbaycan partizanı və kəşfiyyatçısı, faşizmə qarşı müqavimət hərəkatının iştirakçısı Mehdi Hüseynzadəyə həsr olunmuş film 1958-ci ildə “Azərbaycanfilm” kinostudiyasında çəkilib.
Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov “Oblastnaya qazeta”ya verdiyi müsahibədə qeyd edib ki, belə tədbirlər insanlara faşizmə qarşı birgə mübarizə tarixini xatırladır, bu tarixi heç vaxt unutmaq olmaz. Diplomat deyib: “Qələbə Günü bayramı ilə əlaqədar Moskvaya səfəri ərəfəsində ölkəmizin Prezidenti İlham Əliyev Rusiya televiziyasına verdiyi müsahibədə belə rəqəmlər göstərib: Azərbaycanın 700 min nümayəndəsi müharibədə iştirak edib. 300 min nəfərdən çox adam həlak olub. 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Buna görə də bizim qürur duymağa haqqımız var. Biz ümumi Qələbəmizin xatirəsini göz bəbəyi kimi qoruyuruq”.
Sverdlovsk vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri Andrey Sobolev qeyd edib ki, Sverdlovsk vilayətində Böyük Qələbənin 70 illiyi həqiqətən beynəlxalq formatda bayram edilib. Nazir deyib: “Yekaterinburqda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri tariximizin əlamətdar gününə həsr olunmuş təntənəli tədbirlərdə fəal iştirak ediblər. Məsələn, diplomatlar Sverdlovsk vilayəti qubernatorunun iqamətgahında təşkil edilmiş “Qələbə obeliskləri” fotosərgisinə tamaşa ediblər, mayın 9-da Şirokoreçensk hərbi-memorial kompleksində əbədi məşəlin alovlandırılması mərasimində bilavasitə iştirak ediblər. Bununla yanaşı əminəm ki, birgə tədbirlər bayram tədbirləri ilə bitməyəcək, çünki bu mövzuya maraq çox yüksəkdir. Əfsanəvi sovet partizanı haqqında filmin nümayişi bunu təsdiq edir”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva