Yekaterinburqda yaşayan aztəminatlı soydaşlarımıza yardım edilib
Moskva, 15 aprel, AZƏRTAC
Rusiyanın Sverdlovsk vilayətindəki “Azərbaycan” ictimai təşkilatı və ölkəmizin Yekaterinburq şəhərindəki baş konsulluğu aztəminatlı ailələrə yardım ediblər.
Konsulluqdan AZƏRTAC-a bildiriblər ki, Sverdlovsk vilayəti “Azərbaycan” ictimai təşkilatı və Azərbaycanın Yekaterinburq şəhərindəki baş konsulluğunun birgə təşkilatçılığı ilə bu şəhərdə koronavirus pandemiyası səbəbindən karantin rejimində yaşayan yaşlı nəslin nümayəndələrinə, maddi imkanları zəif olan soydaşlarımıza və aztəminatlı ailələrə yardım kampaniyası həyata keçirilib.
Baş konsul İlqar İskəndərov və “Azərbaycan” ictimai təşkilatının rəhbəri Şahin Şıxlinski 100-dən artıq soydaşımıza, eləcə də Yekaterinburq şəhərində yaşayan aztəminatlı rus, özbək, qırğız və tacik millətlərindən olan ailələrə yardım edərək, ərzaq, meyvə-tərəvəz və sair məhsullardan ibarət yardım təqdim ediblər.
Xeyriyyə aksiyası ilə bağlı məlumat və müsahibələr yerli mətbuatda dərc olunub, televiziya kanallarında nümayiş etdirilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva