Yeni Azərbaycan Partiyası cəmiyyətdə aparıcı rolunu getdikcə möhkəmləndirir
Horadiz, 21 noyabr (AZƏRTAC). Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 21-ci ildönümü münasibətilə YAP Füzuli rayon təşkilatında tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Tədbir dövlət himninin səsləndirilməsi ilə başlanmışdır. Məruzə ilə çıxış edən YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş partiyanın yaranmasından, keçdiyi şərəfli yoldan, ötən 21 il ərzində qazanılmış uğurlardan, dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, respublikamızın ictimai-siyasi həyatında və tərəqqisində xidmətlərindən bəhs etmişdir. Bildirilmişdir ki, sıralarında cəmiyyətin bütün təbəqələrini birləşdirən YAP ümummilli liderin parlaq ideyalarının daşıyıcısı kimi öz aparıcı rolunu günü-gündən möhkəmləndirməkdədir. YAP ulu öndər Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyaraq, regionun ən nüfuzlu siyasi qüvvəsinə çevrilmişdir.
Tədbirdə YAP Füzuli rayon təşkilatının fəaliyyətindən, rayonun ictimai-siyasi, sosial-mədəni həyatındakı fəal rolundan da ətraflı bəhs olunmuşdur. Qeyd edilmişdir ki, rayon təşkilatı bu gün öz ətrafında 5582 nəfər üzvü birləşdirir. Onlardan 2196 nəfəri qadın, 1417 nəfəri isə gənclərdir. Bu ilin ötən dövrü ərzində 239 nəfər partiya sıralarına qəbul olunmuşdur.
Tədbirdə çıxış edənlər Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolundan, qarşıda duran vəzifələrdən danışmışlar. Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir. Bu məqsədyönlü siyasət hər yerdə olduğu kimi, Füzuli rayonunda da öz bəhrəsini verməkdədir. Rayonda geniş tikinti-quruculuq və abadlıq işləri aparılır, əhalinin rifah halı yaxşılaşır.
Tədbirdə YAP-ın yaranmasına və fəaliyyətinə həsr olunmuş film göstərilmişdir.