YENİ AZƏRBAYCAN PARTİYASI İLƏ TÜRKİYƏNİN ƏDALƏT VƏ İNKİŞAF PARTİYASI ARASINDA ƏLAQƏLƏR GENİŞLƏNİR
YAP-ın nümayəndə heyəti səfər çərçivəsində Ədalət və İnkişaf Partiyasının mərkəzi qərargahında Türkiyənin Baş naziri, partiyanın sədri Rəcəb Tayyib Ərdoğanla görüşmüşlər. Ədalət və İnkişaf Partiyasının rəhbərliyinə daxil olan digər şəxslərin də iştirak etdiyi görüşdə qardaş partiyalar arasında əlaqələrin daha da genişləndirilməsi barədə danışıqlar aparılmış, əlaqələrin ayrı-ayrı istiqamətlər üzrə, eyni zamanda gənclər və qadın təşkilatları, həmçinin ilk təşkilatlar səviyyəsində əməkdaşlığın intensivləşdirilməsi tövsiyə edilmişdir. Tərəflər Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin durmadan inkişaf etdiyini xüsusi vurğulamışlar.
Nümayəndə heyəti, eyni zamanda ƏİP-i Türkiyə Böyük Millət Məclisində təmsil edən deputat qrupunun toplantısında da iştirak etmişdir. Toplantıda Türkiyə Respubliksının Baş naziri, ƏİP-in sədri Rəcəb Tayyib Ərdoğan ölkənin mövcud ictimai-siyasi vəziyyəti və partiyanın qarşısında duran vəzifələr barədə geniş nitq söyləmişdir.
Səfər çərçivəsində Ədalət və İnkişaf Partiyasının sədr müavinləri - millət vəkilləri Necati Çetinkaya, Şaban Dişli, Dengir Mir Mehmet Fırat, Gənclər Təşkilatının rəhbəri Hakan Tütünçü, Qadın Təşkilatının rəhbəri Selma Kavafın iştirakı ilə keçirilən görüşdə partiyalararası əlaqələrin müxtəlif istiqamətləri barədə ətraflı fikir mübadiləsi aparılmış və əlaqələrin perspektivləri ilə bağlı razılaşma əldə edilmiş, birgə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Səfər çərçivəsində bir sıra digər görüşlər də keçirilmşdir.
YAP nümayəndə heyəti səfərin gedişində Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin 20 Yanvar hadisələri ilə əlaqədar keçirdiyi anma mərasimində iştirak etmişdir. Həmin mərasimə bir sıra xarici ölkə səfirliklərinin nümayəndələri, Ankarada təhsil alan tələbələrin bir qrupu, Türkiyə ictimaiyyətinin tanınmış simaları və mətbuat işçiləri qatılmışlar. Tədbirdə Əli Əhmədov çıxış etmişdir. Mərasimdən sonra Əli Əhmədov Ankarada təhsil alan tələbələrlə görüş keçirmiş və onları maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılmışdır.
Səfər Türkiyə mətbuatında ətraflı işıqlandırılmışdır.