YENİ AZƏRBAYCAN PARTİYASININ NÜMAYƏNDƏ HEYƏTİ ŞİMALİ KİPR TÜRKLƏRİNİN LİDERLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Yeni Azərbaycan Partiyası sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Kiprdə səfərdədir.
Səfər zamanı Əli Əhmədov Şimali Kipr türklərinin liderləri Məhmət Əli Tələtlə və Fərdi Sabit Soyerlə görüşmüşdür. Görüşlərdə vurğulanmışdır ki, Azərbaycan xalqı Dağlıq Qarabağ münaqişəsinin həllində ikili standartlarla üzləşdiyi kimi, Kipr türkləri də uzun illər bu cür mövqe ilə üz-üzə qalmışdır. Bildirilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın qardaş xalqlarımızın haqq səslərinin dünyaya çatdırılması sahəsində atdıqları mühüm addımlar bütün bu ədalətsizliklərə son qoymaq istiqamətində yeni mərhələnin başlanğıcını təşkil etmişdir.