Yeni Azərbaycan Partiyasının yaradılmasının 21 illiyi Binəqədidə də qeyd olunmuşdur
Bakı, 19 noyabr (AZƏRTAC). Yeni Azərbaycan Partiyasının yaradılmasının 21 illiyi Binəqədi rayonunda da qeyd edilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir YAP-ın Binəqədi rayon təşkilatında Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə təşkil edilmişdir.
YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək partiyanın tarixindən danışmışdır. O demişdir ki, fəaliyyət göstərdiyi 21 il ərzində YAP ümumxalq partiyasına çevrilmişdir. Diqqətə çatdırılmışdır ki, 1990-cı ilin əvvəllərində Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Ölkənin gələcəyini düşünən ziyalıların müraciətini qəbul edən ümummilli lider Heydər Əliyev Azərbaycanın taleyində çox mühüm rol oynayan Yeni Azərbaycan Partiyasını yaratdı. Bu gün partiyanın sıralarında 600 mindən çox üzv vardır və onların arasında gənclər xüsusilə fərqlənirlər.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Yeni Azərbaycan Partiyasının Azərbaycanın müasir siyasi tarixində mühüm rolunu qeyd etmişdir. Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında əvəzsiz xidmətlərindən danışan Xaləddin İsgəndərov bildirmişdir ki, Ulu Öndər Azərbaycan xalqını vahid ideya ətrafında birləşdirmiş, ölkəni parçalanmaqdan qurtarmışdır. Ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində tamamilə yeni bir Azərbaycan yaranmışdır. O, Ümummilli Liderin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. Məhz bu bunun nəticəsidir ki, oktyabrın 9-da xalqımız yüksək etimad göstərərək İlham Əliyevi yenidən Prezident seçmişdir.
YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı partiyanın yaranmasının tarixi zərurət olduğunu, onun Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində böyük rol oynadığını bildirmişdir. “Prezident İlham Əliyevin hər zaman dediyi kimi, Yeni Azərbaycan Partiyası Ulu Öndərin ideyalarının daşıyıcısıdır və bu gün yüz minlərlə vətəndaş bu ideya ətrafında sıx birləşib” - deyə M.Qurbanlı vurğulamışdır.
Mübariz Qurbanlı YAP-ın azərbaycançılıq ideologiyasının inkişafına verdiyi töhfələrdən danışaraq qeyd etmişdir ki, partiyanın prinsipləri dövlətçiliyimizin gücləndirilməsinə, Azərbaycan xalqının milli maraqlarına xidmətdir.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov çıxışında partiyanın Azərbaycanın inkişafına verdiyi töhfələri qeyd etmişdir. Eldar İbrahimov ümummilli lider Heydər Əliyevin Naxçıvanda və bütövlükdə Azərbaycanda fəaliyyəti və Ulu Öndərin xalqımız qarşısında böyük xidmətlərindən danışmışdır. O demişdir ki, məhz Ulu Öndərin müdrik siyasəti nəticəsində Azərbaycan bugünkü inkişaf səviyyəsinə çatmışdır.
YAP Gənclər Birliyinin sədr müavini, partiyanın Binəqədi rayon təşkilatının baş təlimatçısı Aygün Əliyeva demişdir ki, Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın müasir tarixinin ən şanlı səhifəsidir. O bildirmişdir ki, YAP-ın təsis edilməsi müasir siyasi sistemin yaranması üçün vacib idisə, 1995-ci ildə YAP Gənclər Birliyinin yaranması gənclərin ciddi sosial-siyasi sifarişi idi. A.Əliyeva demişdir ki, Ulu Öndərin gənclərə göstərdiyi diqqət və qayğı bu gün partiyanın sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu qayğının nəticəsidir ki, YAP Gənclər Birliyi öz sıralarında 250 mindən artıq gənci birləşdirir.
Sonra Yeni Azərbaycan Partiyası sıralarına keçmiş bir qrup gəncə vəsiqələr və eyni zamanda, Binəqədi rayonunun ictimai-siyasi həyatında fəal iştiraka görə bir qrup partiya fəalına fəxri fərmanlar təqdim edilmişdir.
Tədbirdə, həmçinin YAP Binəqədi rayon təşkilatı və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual yarışının qaliblərinə kuboklar, diplomlar və qiymətli hədiyyələr təqdim edilmişdir.
Tədbir bədii hissə ilə davam etmişdir.