SİYASƏT
“Yeni islahatlar” erasına start verilib
Bakı, 12 may, Ceyhun Rüstəmov, AZƏRTAC
Azərbaycan gələn il müstəqilliyinin 30-cu ilini qeyd edəcək. Son 200 ildə Azərbaycan dövləti heç vaxt belə güclü, o cümlədən uzunmüddətli müstəqil dövlət olmamışdır. Şübhəsiz ki, bu, ölkə rəhbərliyinin yürütdüyü uzaqgörən və düşünülmüş siyasətin nəticəsidir. Eyni zamanda, həm bir sınaq, həm də bir çağırışdır.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.
“İnstitutlaşdırılmış bir subyekt kimi dövlətimiz hələlik çox gəncdir və yetkinliyə çatmaq yolunda müxtəlif inkişaf mərhələlərindən keçir”, - deyə Ş.Seyidzadə qeyd edib ki, inkişafın yeni mərhələsi 2018-ci ilin prezident seçkilərindən sonra başlayıb: “Dövlət başçısı bunu açıq şəkildə “yeni islahatlar” erası olaraq elan etdi və onun icrasına başladı. Aparılan islahatlar həm konseptual, həm də struktur xarakteri daşıyır. Strukturda olan dəyişikliklər idarəetmə sistemində islahatlar aparılmasa mümkün deyil. Uğurlu islahatın təməlində uğurlu idarəetmə, uğurlu idarəetmənin təməlində isə peşəkar və dürüst kadr amili durur. Vəzifə həvalə olunmuş kadr Prezidentin ətrafında sıx birləşərək onun apardığı islahatı təkcə sözdə yox, həm də əməldə dəstəkləyirsə, o zaman islahatın ayrılmaz bir parçası olur. Əgər onun amalları və fəaliyyətləri qeyd edilən kimi deyil və dövlətçiliyə xidmət göstərmirsə, bu o deməkdir ki, həmin şəxs islahatlara uyğunlaşmır. “Yol qaydalar”ı açıq, aydın və çox sadədir - riayət et, yoxsa cəzalandırılacaqsan”.
Deputat bildirib ki, Prezidentin dövlət və hökumətin daxilində apardığı yenidənqurma və islahatlar artıq öz bəhrəsini verir. İki il öncə başlamış hüquqi, institusional və kadr islahatları geniş vüsət alaraq bu gün intensiv formada davam edir. Biz artıq dövlətin bütün sahələrində islahatlara açıq formada şahid oluruq. İslahat elan olunub, icrası başlanılıb. İslahatlara qarşı gedənlərə, islahatlara “mənfi fon” yaradanlara qarşı cəza tədbirləri də elan edilib, “sözdən əməl”ə keçərək, cəzalandırılmanın tətbiqinə başlanılıb. Prezident həm islahat istiqamətində, həm də islahatlara qarşı çıxanlara cəza tətbiq etməkdə “sözdən əmələ” yanaşmasını aydın şəkildə nümayiş etdirir.
Onun sözlərinə görə, son dövrdə aparılan ciddi kadr və struktur dəyişiklikləri də bunu göstərir. Dövlətçilik və xalqın rifahı naminə qarşıya qoyulan məqsədlərə, islahatlar və strateji planlara əməl etməyənlər kənarlaşdırılmalıdır, necə ki, artıq kənarlaşdırılır. İslahatların gətirdiyi qaydalara riayət etməyənlər öz cəzalarını alır.
“Prezident hakimiyyətin üç qolunda da islahatlara start verib. 2018-ci ilin prezident seçkilərindən sonra dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə Nazirlər Kabinetində, Prezident Administrasiyasında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində, digər qurumlarda aparılan struktur və kadr islahatları start götürüb. Bu il martın 10-da keçirilən altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında Prezident İlham Əliyev öz çıxışında bu islahatların artıq ölkənin qanunvericilik orqanında başlanmasını elan edərək dedi: “Ona görə islahatların dərinləşməsi, əlbəttə ki, parlamentdən yan keçə bilməzdi. Hesab edirəm ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur...”. Prezident qanunvericilik sahəsi üzrə, qanunların təkmilləşdirilməsi, qanun və sərəncamların icrasında nəzarət funksiyasına əməl edilməsi istiqamətində yeni tapşırıqlar verib. İslahat dövründə yeni vəzifə və yeni hədəflər qoyulur. Prezident yeni yanaşmalar və səriştələr gözləyir”, - deyə Milli Məclisin deputatı qeyd edib.