YENİ NƏŞR: “SƏBAİLİN ŞAHİN OĞULLARI”
“Şəhidlərin ruhu məni ağrıdır. Həlak olan Azərbaycan vətəndaşlarının surəti hər gün gözümün qarşısına gəlir. Lakin torpağın, Vətənin müdafiəsi hər birimiz üçün ən ülvi, ən müqəddəs vəzifədir. Bu müqəddəs vəzifənin yerinə yetirilməsində şəhid olanlar cənnətə gedirlər, onların qəhrəmanlığı xalqın xatirəsində daim yaşayacaqdır.
... Mən bütün şəhidlərin, torpaq, Vətən yolunda həlak olanların xatirəsi qarşısında baş əyirəm,onların valideynlərinə, bacı və qardaşlarına, qohum-əqrabalarına Allahdan səbir diləyirəm”.
Ümummilli liderimiz Heydər Əliyevin bu sözləri ilə açılan kitabda Qarabağ müharibəsində Vətən uğrunda qeyrətlə vuruşub, əbədiyyətə qovuşan igid oğullarımızdan bəhs edilir.
Müəllifin ürək ağrısı ilə qələmə aldığı oçerkləri oxuduqca adam özünü istər-istəməz igid oğullarımızın uğrunda vuruşduqları rayonlarda, döyüş səngərlərində hiss edir, düşmənin başına od yağdıran vətən övladları ilə qürür duyur.
Müəllifin kitabda yeri gəldikcə yurd adlarımızdan, illərin sınağından keçərək bu günümüzə gəlib çıxmış milli adət-ənənələrimizdən söhbət açması əsəri bir qədər də oxunaqlı etmişdir.
Kitabda verilmiş ön sözün müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor, Milli Məclisin deputatı Nizami Cəfərovdur.