YENİYETMƏ VƏ GƏNC AVARÇƏKƏNLƏRİMİZ DÜNYA ÇEMPİONATINA ALMANİYADA HAZIRLAŞACAQLAR
Bakı, 30 iyun (AZƏRTAC). Akademik avarçəkmə üzrə yeniyetmə (U-18) və gənclərdən ibarət (U-23) Azərbaycan milli komandası Berlinə təlim-məşq toplanışına yollanmışdır. Azərbaycan Milli Avarçəkmə Federasiyasından bildirmişlər ki, toplanışlar iyulun 23-26-da Çexiyanın Raçitse şəhərində təşkil olunacaq gənclərin və avqustun 5 - 8-də Fransanın Briv-la-Qayard şəhərində baş tutacaq yeniyetmələrin dünya birinciliyinə hazırlıq xarakteri daşıyır.
Berlinə yeniyetmə akademik avarçəkənlərimiz Teymur Kutseba və Aleksandr Qlotovla yanaşı, gənclərdən ibarət millimizin üzvləri Cavid Əfəndiyev, Toğrul Qurbanzadə, Aleksandr Jdanov və Kamal Məmmədov yollanmışlar.
İdmançılarımız Almaniyada millimizin baş məşqçisi Rudiger Hauffe və onun köməkçisi İlqar Ağalarovun rəhbərliyi altında yerli avarçəkənlərlə birgə hazırlaşacaqdır. Gənc və yeniyetmə avarçəkənlərimiz toplanış yerindən birbaşa dünya çempionatlarına yola düşəcəklər.
Yeniyetmələrin dünya birinciliyinə isə Kutseba-Qlotov dueti aparılacaqdır. Onlar ikinəfərlik sükansız qayıqda mübarizə aparacaqlar. Bu yarış 2010-cu ildə Sinqapurda keçiriləcək yeniyetmələrin I Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaqdır. Dünya çempionatında avarçəkənlərimiz öz kateqoriyalarında ilk “beşliy”ə düşməyi bacarsalar, Sinqapur Olimpiadasında ölkəmizə bu növ üzrə təmsilçilik hüququ qazandıracaqlar.
Qeyd edək ki, yeniyetmə avarçəkənlərimiz bundan öncə Almaniyada keçirilmiş 3 beynəlxalq turnirdə qüvvələrini sınayıblar. Kutseba-Qlotov dueti həmin turnirlərdə ümumilikdə 2 qızıl, 2 bürünc medal qazanmışdır.