YENİYETMƏLƏR ARASINDA YUNAN-ROMA VƏ SƏRBƏST GÜLƏŞ ÜZRƏ AZƏRBAYCAN BİRİNCİLİYİNƏ START VERİLMİŞDİR
Martın 15-də “ABU Arena” idman kompleksində yeniyetmələr arasında yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan birinciliyinə start verilmişdir.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Milli Olimpiya Komitəsi və Güləş Federasiyası ilə birgə təşkil etdiyi turnirin qalibləri ölkəmizi iyunda Latviyada keçiriləcək Avropa çempionatında təmsil edəcəklər.
Turnirin təntənəli açılış mərasimində dövlət himni səsləndirilmişdir.
Tədbirdə Gənclər və İdman nazirliyinin nümayəndəsi Yaşar Rzayev, Azərbaycan Güləş Federasiyasının baş katibi Cavid Qurbanov və başqaları çıxış edərək turnir iştirakçılarına uğurlar arzulamışlar.
Bildirilmişdir ki, ötən dövr ərzində yeniyetmə güləşçilərimiz beynəlxalq yarışlarda ölkəmizin idman şərəfini layiqincə qorumuş və vətənə medallarla dönmüşlər.
Natiqlər Azərbaycanda bütün sahələrdə olduğu kimi, idmanda da böyük irəliləyişin baş verdiyini, ölkəmizdə bir çox beynəlxalq yarışların yüksək səviyyədə keçirildiyini xüsusi qeyd etmişlər. Prezident İlham Əliyevin göstərişi ilə respublikamızın bir çox bölgələrində olimpiya-idman komplekslərinin tikilməsini diqqətə çatdıran natiqlər, bu gün yeniyetmə idmançılarımızın inkişafı üçün hər cür lazımi şəraitin mövcudluğunu xüsusi vurğulamışlar.
Turnirdə bölgələrdən 35, paytaxtın isə 11 komandası mübarizəyə qoşulmuşlar.
Yarışların ilk günündə döşək üzərinə 161 sərbəst güləşçi çıxmışdır.
Nəticələrə görə Çingiz Qaxacov (42 kq), Nicat Muradov (50 kq), Nurlan Hacıyev (58 kq), Kazım Abbasov (69 kq) və Bilal Əlizadə (85 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Qaliblər yeniyetmələrdən ibarət yığma komandaya cəlb ediləcəklər.
Martın 17-də isə mübarizəyə yunan-Roma güləşçiləri qatılacaqlar.
Yarışlara martın 18-də yekun vurulacaqdır.
######
