Yevgeni Zinin: Şirkətin əsas layihələrindən biri də Qarabağın inkişafına töhfə verməkdir
Bakı, 3 iyun, AZƏRTAC
“Global Supply” MMC Amerika şirkətinin Azərbaycandakı filialıdır. Biz neft-qaz şirkətlərinin, gəmiqayırma, gəmi təmiri zavodlarının, eləcə də neft-kimya komplekslərinin təchizatı ilə məşğul oluruq. Bizim dünyadakı müştərilərimizə təqdim etdiyimiz 50 mindən çox məhsulumuz var. Azərbaycanda neft-qaz sektorunda işləyirik.
AZƏRTAC xəbər verir ki, bu barədə 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin iştirakçısı, “Global Supply” MMC-nin Biznesin inkişafı üzrə meneceri Yevgeni Zinin deyib.
Y.Zinin bildirib ki, Azərbaycan enerji sənayesi sahəsində yerli bazarın perspektivlərini və səmərəliliyini öyrənmək və təhlil etmək məqsədilə Xəzər Neft və Qaz Sərgisinə gəlib. Təmsil etdiyi şirkətin əsas layihələrindən biri də Qarabağın inkişafına töhfə vermək, ən son texnologiyaların təchizatı ilə bağlıdır.
Həmçinin Azərbaycanın Ələt limanı ilə səmərəli danışıqlar apardığını deyən menecer ümumilikdə sərginin böyük potensiala və geniş əməkdaşlıq üfüqlərinə malik olduğunu dilə gətirib: “Sərginin keçirilməsi ilə bağlı təşkilatçılıq işlərini çox bəyəndim. Belə layihələrin həyata keçirilməsini biznesin inkişafında çox mühüm hadisə hesab edirəm. İş adamları bəzən həddindən artıq məşğul olduqları üçün bəzi yenilikləri və bazardakı dəyişiklikləri gözdən qaçırırlar. Məhz belə sərgilər onlara hər zaman baş verənlərdən xəbərdar olmaq, danışıqlar aparmaq, təcrübə və fikir mübadiləsi etmək, eləcə də onları praktikada tətbiq etmək imkanı verir”.