Yevlax pambıqçılarının hədəfi məhsuldarlığı 30 sentnerə çatdırmaqdır
Yevlax, 12 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Pambıqçılıq Yevlax rayonunda kənd təsərrüfatının ənənəvi sahələrindəndir. Bu sahə xüsusilə ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində daha çox inkişaf edib. Yevlax pambıqtəmizləmə zavodunda 1970-ci, 1978-ci və 1982-ci illərdə yenidənqurma işləri aparılıb, yeni avadanlıqlar quraşdırılıb, sexlər istifadəyə verilib. 1980-ci ildə zavod ən yüksək göstərici əldə edərək, 35 min 311 ton pambıq mahlıcı istehsal edib. Lakin 1990-cı illərdən başlayaraq pambıqçılığa olan maraq azalıb. Dövlət başçısının tapşırıq və göstərişləri nəticəsində bir neçə ildir ki, respublikamızın digər pambıqçılıq rayonlarında olduğu kimi, Yevlaxda da bu sahə yenidən inkişaf dövrünə qədəm qoyub. Rayon sakinlərinin pambıqçılıq sahəsində təcrübəsi və dövlət qayğısı pambıq istehsalını artırmaq üçün stimul yaradır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, pambıqçılıq sahəsində əvvəlki şöhrəti qaytarmağı qarşıya məqsəd qoyan Yevlax zəhmətkeşləri bu il 2330 hektar sahədə səpin aparıblar. 1780 hektarı “MKT İstehsalat Kommersiya” MMC və 550 hektarı “P-Aqro” MMC ilə olmaqla, 247 fermer ilə müqavilə bağlanıb. Sahələrin hamısında normal bitiş alınıb. Hazırda əkin sahələrində kultivasiya, xəstəlik və zərərvericilərə qarşı dərmanlama işləri aparılır. Bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları lazımi texnika, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər.
Ötən il hər hektardan orta hesabla 26 sentner "ağ qızıl" tədarük edən yevlaxlı pambıqçılar bu il 7000 tondan çox məhsul istehsal etməyi, hektarın orta məhsuldarlığını 30 sentnerə çatdırmağı qarşıya məqsəd qoyublar.
Qeyd edək ki, 2019-cu ildə Yevlax rayonunda 2406,8 hektar sahədə pambıq becərilib, 6347,8 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 26,4 sentner olub.