YEVLAX SƏNAYE ŞƏHƏRİNƏ ÇEVRİLİR
AZƏRTAC xəbər verir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Yevlaxda iri layihələr həyata keçirilmiş, böyük uğurlar əldə edilmişdir. Proqram çərçivəsində digər sahələrlə yanaşı, sənaye də inkişaf etdirilmiş, şəhərdə bir sıra yeni müəssisələr fəaliyyətə başlamışdır.
“Lalə-tekstil” MMC tikiş fabriki 4 tikiş bölməsindən, sarıyıcı, hörücü, boyaq, biçim və hazırlıq sexlərindən, sərgi-satış salonundan və digər yardımçı binalardan ibarətdir. İllik istehsal gücü 7 milyon manat olan fabrikdə kişi, qadın və uşaq geyimləri istehsal edilir. 650 nəfərin işlə təmin olunduğu fabrikin məhsulları daxili bazarla yanaşı İran, Rusiya və Gürcüstana da ixrac edilir.
“Dan” kərpic zavodu 2006-cı ildə istifadəyə verilmişdir. İldə 30 milyon kərpic istehsal edən zavod yerli xammal əsasında fəaliyyət göstərir. 350 nəfərin çalışdığı zavodun məhsulları yerli bazarla yanaşı Gürcüstan və Qazaxıstana da göndərilir.
Prezident İlham Əliyevin iştirakı ilə 2007-ci il oktyabrın 23-də açılışı olan “Gilan Dəri” MMC-nin gündəlik istehsal gücü 36 tondur. Yerli xammalla işləyən müəssisədə avadanlıq Türkiyə, İtaliya və İsveçrədən gətirilmişdir. 320 nəfərin çalışdığı fabrikin məhsulları İtaliya, İspaniya, Ukrayna, Türkiyə və Çinə ixrac edilir.
“Yevlax Qida” MMC-də mineral və şəkər əlavə olunmuş sular, pivə, çörək, makaron və meyvə-tərəvəz konserv sexləri fəaliyyət göstərir. 110 nəfərin işlədiyi müəssisənin məhsulları Rusiya Federasiyasına da ixrac olunur.
Yevlaxın yüngül sənayesinin uğuru təmsilçisi olan “Arfa” mebel fabrikində 100-dən artıq yevlaxlı işlə təmin olunmuşdur. Fabrikdə ofis, mətbəx, uşaq və qonaq otağı mebelləri Almaniya və İtaliyadan gətirilmiş avadanlıq vasitəsilə istehsal olunur.
Dəmir-beton zavodu, saatda 60 ton və 160 ton asfalt istehsal edən zavodlar, makaron, konserv və çörək sexləri də fəaliyyət göstərir. Hazırda “Lalə-tekstil” MMC tikiş fabrikinin yeni istehsalat sexlərinin tikintisi aparılır, yuyucu tozlar istehsal edən zavodun inşasına başlamaq üçün hazırlıq görülür.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən bu layihələr bölgədə iqtisadiyyatın dayanıqlı inkişafına şərait yaratmış, insanların maddi durumunun yaxşılaşmasına təsir göstərmiş, Yevlaxı sənaye şəhərinə çevirmişdir.