Yevlaxda “İnternet media saytlarının fəaliyyəti və milli mənəvi dəyərlər” mövzusunda “dəyirmi masa” keçirilmişdir
Yevlax, 23 aprel (AZƏRTAC). Yevlax şəhərində “İnternet media saytlarının fəaliyyəti və milli mənəvi dəyərlər” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “İnternet media resurslarında milli mənəvi dəyərlərin qorunması jurnalist peşəkarlığının əsas göstəricilərindən biri kimi” layihəsi çərçivəsində keçirilən sayca ikinci tədbirdə Yevlax, Mingəçevir, Tərtər, Bərdə və Goranboyda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri, həmçinin yerli ictimaiyyətin, Yevlax Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının nümayəndələri iştirak etmişlər.
“Dəyimi masa”nı giriş sözü ilə YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev açaraq rayonda həyata keçirilən geniş abadlıq və quruculuq işlərindən danışmışdır. Bildirmişdir ki, Prezident İlham Əliyevin mühüm diqqət yetirdiyi media siyasətinə rayonda böyük önəm verilir. Yerli “Kür” qəzeti bölgə mətbuatı içərisində tirajının yüksəkliyi baxımdan seçilən nəşrlərdəndir. Yevlaxda regional əhəmiyyət daşıyan “El” telekanalı uğurla fəaliyyət göstərir.
Layihənin əlaqələndiricisi, “RUH” AJMK-nın icraçı direktoru Əvəz Rüstəmov “İnternet media resurslarında milli mənəvi dəyərlərin qorunması jurnalist peşəkarlığının əsas göstəricilərindən biri kimi” layihəsi ilə bağlı iştirakçılara geniş məlumat vermişdir. Bildirmişdir ki, layihə çərçivəsində mart ayında Gəncədə “dəyirmi masa” keçirilmişdir.
Azərbaycanda internet medianın geniş vüsət aldığını bildirən Əvəz Rüstəmov demişdir: “Azərbaycan əhalisinin 70 faizi internet istifadəçisidir. Dövlətin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu rəqəm daha da artacaqdır. Mövcud artım daha çox media fəaliyyətinə təsir göstərir, yeni internet media orqanları yaranır. Ə.Rüstəmov dünya miqyasında internetin hüquqi tənzimlənməsi praktikasına üstünlük verilmədiyini vurğulayaraq belə bir durumda ictimai tənzimlənmənin aktual tərəflərinə diqqəti cəlb etmişdir. Bildirilmişdir ki, layihənin əsas məqsədlərindən biri jurnalist peşəkarlığı ilə bağlı dəyərləri rəhbər tutaraq ictimaiyyətin diqqətini internet media müstəvisində meydana çıxan və milli mənəvi dəyərlərin pozulması ilə müşayiət olunan məsələlərə yönəltməkdir.
Layihənin eksperti, “Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə “İnternet media saytlarının fəaliyyəti və beynəlxalq təcrübə” mövzusunda məruzə edərək, internet media və ənənəvi medianın təsnifatındakı fərqlər, internet sahəsində tənzimləmənin müxtəlif cəhətləri, sosial şəbəkələr, bloggerliklə bağlı məsələlərdən danışmışdır.
“Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev, “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusifov, Yevlaxda çıxan “Kür” qəzetinin əməkdaşı Züleyxa Bəşirova, Goranboyda nəşr edilən “Mübariz” qəzetinin baş redaktoru Fəxrəddin Xəlilov, “Bərdə” qəzetinin redaktoru Elbrus Məmmədov, Yevlax Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşı Etibar Məmmədov, gənc blogger Zərif Qurbanova və başqaları çıxışlarında mövzunun aktuallığını vurğulayaraq internet media sahəsində ictimai tənzimləmənin milli mənəvi dəyərlərin qorunmasına dəstək baxımından vacibliyini əsaslandırmışlar.