YOHANNES LİNN: AZƏRBAYCANDA İRƏLİYƏ GETMƏK ÜÇÜN GÖZƏL BAZA YARANIB
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, builki yığıncaq çərçivəsində Dünya Bankı rəsmiləri Şərqi Avropa və Mərkəzi Asiya bölgəsi üzrə brifinq keçirmişlər. Brifinqdə çıxış edən Dünya Bankının bölgə üzrə vitse-prezidenti Şigeo Katsu və sabiq vitse-prezident Yohannes Linn bildirmişlər ki, keçmiş SSRİ məkanındakı dövlətlər çətin keçid dövrünü tamamlayıb iqtisadi artım nümayiş etdirir.
Bununla yanaşı, bölgədə işsizlik və yoxsulluq yüksək səviyyədə qalmaqdadır. Xüsusilə də, Sovet İttifaqının dağılması nəticəsində iqtisadi əlaqələrin qurulmasından birbaşa zərər çəkən keçmiş respublikalarda yoxsulluqla mübarizə hökumətlərin ilkin vəzifəsidir. Şigeo Katsu bu mənada Azərbaycandakı vəziyyəti müsbət qiymətləndirmişdir.
Keçid dövründə Şərqi Avropa və Mərkəzi Asiyadakı iqtisadi və sosial dəyişiklikləri yeni kitabında əks etdirən Yohannes Linn isə Azərbaycana dair fikirlərini AZƏRTAC-ın müxbirinə müsahibəsində belə açıqlamışdır: “Digər MDB ölkələri kimi, Azərbaycan da keçid dövrünə böyük çətinliklərlə başlamışdır. Ermənistanla müharibə ən böyük çətinlik idi. Enerji resursları, neftin qiymətlərinin artması, Bakı-Tbilisi-Ceyhan layihəsinin həyata keçirilməsi və ən əsası, hökumətin son illərdə həyata keçirdiyi islahatlar Azərbaycana sistematik olaraq irəliyə getmək üçün gözəl baza yaratdı. Ölkəniz iqtisadi artımı bundan sonra da davam etdirməyə çalışmalı, kənd təsərrüfatı sektorunu möhkəmlətməli, qaçqın və məcburi köçkünləri iş yerləri ilə təmin etməlidir. Onlara dair işlənilən layihələr yalnız Dağlıq Qarabağ münaqişəsi bitdikdən və qaçqın, məcburi köçkünlər evlərinə qayıtdıqdan sonrakı müddət üçün nəzərdə tutulmamalıdır. Bu insanların məşğulluğu indiki şəraitdə təmin olunmalıdır”.