Yol polisi: hərəkət iştirakçılarının sərtləşdirilmiş xüsusi karantin rejiminin tələblərinə ciddi riayət edəcəklərinə ümidvarıq
Bakı, 14 dekabr, AZƏRTAC
Son aylar Azərbaycan Respublikasında COVID-19 infeksiyasına yüksək yoluxma səviyyəsi nəzərə alınaraq, virusun yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən ölkə ərazisində 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında qərar verilib.
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, bununla əlaqədar, 2020-ci il dekabrın 14-ü saat 00:00-dan 2021-ci il yanvarın 18-i saat 00:00-dək operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxış dayandırılıb və müəyyənləşdirilmiş qaydalar nəzərə alınmaqla hərəkət məhdudiyyəti tətbiq edilib.
Odur ki, həmin istiqamətlərə getmək istəyən respublikanın digər şəhər və rayon sakinlərindən xahiş olunur ki, həmin inzibati ərazilərə buraxılmayacaqlarını nəzərə alsınlar. Ölkəmiz üçün hazırkı həssas dövrdə hərəkət iştirakçılarının özünün və yaxınlarının sağlamlığını qorumaq naminə müraciətimizə anlayışla yanaşacağına və sərtləşdirilmiş xüsusi karantin rejiminə, eləcə də sanitar-epidemioloji vəziyyətlə bağlı bütün tələblərə ciddi riayət edəcəklərinə ümid edirik.