Yunanıstanın Azərbaycandakı səfirinin Bakıda ilk sərgisi
Bakı, 4 dekabr, AZƏRTAC
Avropa İttifaqının Azərbaycan nümayəndəliyi, “United Cultures” beynəlxalq təşkilatının və Yunanıstanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə dekabrın 7-dək Bakıda Yunanıstan mədəniyyəti günləri keçiriləcək. Tədbirlər çərçivəsində “Landmark” biznes mərkəzində Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellosun ilk dəfə rəsm əsərləri sərgilənib.
AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində çıxış edən səfiri N.Kanellos qonaqları salamlayıb, sərginin təşkilində göstərdikləri dəstəyə görə hər kəsə təşəkkür edib. Diplomat deyib ki, tədbirin keçirilməsində məqsəd paytaxt sakinlərini və qonaqları Yunanıstanın qonaqpərvərliyi və mədəniyyəti ilə yaxında tanış etməkdir. Azərbaycanda yunan mədəniyyətini öz istedadı ilə bölüşməkdən məmnun olduğunu qeyd edən diplomat, gələcəkdə ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi üçün bir sıra tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.
Səfir bildirib ki, sərgi çərçivəsində 35 rəsm əsəri təqdim olunub, onlardan bir neçəsi məhz Azərbaycanda çəkilib. Bu rəsm əsərlərinin hər birində o, öz yunan ruhunu və ölkəsinə olan sevgisini nümayiş etdirir. Nikolaos Kanellos gələcəkdə bu istiqamətdə fəaliyyətini daha da genişləndirəcəyini vurğulayıb.
Qeyd edək ki, mədəniyyət günləri çərçivəsində yunan filmləri də nümayiş olunacaq.