YUNANISTANIN MİLLİ BAYRAMI ŞƏRƏFİNƏ
Yunanıstanın Azərbaycandakı səfiri Temistokles Dimidis qəbulda çıxış edərək, 1821-ci il martın 25-də başlanan və müasir Yunan dövlətinin yaradılması ilə nəticələnən inqilabın əhəmiyyətindən danışmışdır. Ötən əsrin 50-ci illərinin əvvəllərində NATO-ya, 80-ci illərin axırlarında Avropa İttifaqına üzv olması Yunanıstanın Avratlantika struktarlarında yerini möhkəmlətmişdir.
Diplomat son vaxtlar Azərbaycan ilə Yunanıstan arasında genişlənən əlaqələrdən məmnunluğunu bildirərək dedi ki, onun ölkəsi Azərbaycanın Avratlantika strukturlarına inteqrasiyasını, o cümlədən respublikamızın Avropa İttifaqının Avropa Qonşuluq Siyasətinə qoşulmasını dəstəkləyir. Demokratik inkişaf yolu tutan Yunanıstan Azərbaycanın da bu istiqamətdə qazandığı uğurları yüksək qiymətləndirir.
Sonra Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov çıxış edərək, əlamətdar gün münasibətilə Yunanıstan xalqını Azərbaycan Prezidenti İlham Əliyevin adından təbrik etdi, dövlətimizin başçısının salamlarını və xoş arzularını çatdırdı. O dedi ki, son illər dövlətlərimiz arasında imzalanmış mühüm sənədlər əməkdaşlıq üçün yeni imkanlar açmışdır. Qədim dövlətçilik tarixinə malik Yunanıstanla əməkdaşlıq Azərbaycan üçün önəmlidir.
Daha sonra Yunanıstanın ölkəmizdəki səfiri T.Dimidis Afina merinin qərarına əsasən, XXVIII Yay Olimpiya Oyunlarının çempionu olmuş Fərid Mansurovun Afinanın “Fəxri vətəndaşı” elan edildiyini bildirmişdir.
Rəsmi qəbulda Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Milli Məclisin deputatları, nazirlər, xarici ölkələrin Bakıdakı səfirləri, beynəlxalq təşkilatların ölkəmizdəki təmsilçiləri və digər rəsmi şəxslər, paytaxt ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.