ZABİT NƏBİZADƏ “ŞƏRQ TƏRANƏLƏRİ” MUSİQİ FESTİVALININ İKİNCİ MÜKAFATINI ALDI
Festivalın sonuncu günü Özbəkistan baş nazirinin müavini, festivalın Təşkilat Komitəsinin sədri Həmidulla Karamatov, münsiflər heyətinin sədri, koreyalı professor, Şərq musiqisi bilicisi Kim Şin Van çıxış edərək, belə tədbirlərin xalqlar arasında mədəni əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını söyləmişlər.
Sonra qaliblərin adları elan olunmuşdur. “Qran pri” Rusiya Federasiyasının Tuva Muxtar Respublikasından gəlmiş “ Uransay” ansamblına verilmişdir. Özbəkistan və İran nümayəndələri birinci yeri tutmuşlar. Zabit Nəbizadənin başçılığı ilə muğam üçlüyü ikinci mükafata layiq görülmüşdür. İkinci yerin digər sahibi Tacikistan nümayəndəsi olmuşdur. Üçüncü mükafatın hər ikisini əfqanıstanlı ifaçılar almışlar.
Münsiflər heyətinin sədri Kim Şin Van AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir:
-Mən Azərbaycan muğamlarına çox qulaq asmışam və onları çox sevirəm. Zabit Nəbizadənin festivalda oxuduğu “Mahur” təsnifi və “Simayi Şəms” muğamı həm iştirakçıların, həm də münsiflər heyətinin olduqca xoşuna gəldi. Elə ona görə də laureatlar arasında Zabit Nəbizadənin də adı var.