Zabit Yaşar Nəzərli: Təqdim edilən mənzil oğluma ən böyük ad günü hədiyyəsi oldu
Bakı, 30 noyabr, AZƏRTAC
Mənzil şəraitim heç də ürəkaçan deyildi, dörd nəfər ailə üzvümlə kirayədə yaşayırdıq. Bu gün təqdim olunan üçotaqlı mənzili dövlətimizin Vətən müharibəsi iştirakçılarına göstərdiyi hərtərəfli qayğının bir hissəsi hesab edirəm. Mənə paytaxtın Salyan şosesində müasir tələblərə cavab verən binada üçotaqlı mənzilin orderi təqdim olundu. Dekabrın 27-də kiçik oğlum Eldarın ad günüdür. Bu mənzili özüm üçün Yeni il, oğlumun ad gününə isə ən böyük hədiyyə hesab edirəm. Torpağımızın işğalçılardan azad edilməsi uğrunda döyüşənlərin hər birinin xidməti dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir. Bu diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş komandan İlham Əliyevə, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təşəkkür edirəm.
AZƏRTAC xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Bakı şəhərinin Bibiheybət qəsəbəsindəki yeni yaşayış binasından mənzil alan Vətən müharibəsi döyüşçüsü, polkovnik-leytenant Yaşar Nəzərli deyib.
Yaşar Heydər Əliyev adına hərbi liseyin məzunudur, Dövlət Sərhəd Xidmətində qulluq edib. 2020-ci il sentyabrın 27-də silaha sarılaraq torpaqlarımızın azad olunması uğrunda döyüşlərdə fəal iştirak edib. O, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı uğrunda erməni hərbi birləşmələrinin hücumunun dəf edilməsində və həmin ərazilərin düşməndən təmizlənməsi əməliyyatlarında şücaət göstərib. Oktyabrın 22-də Zəngilanın Qaragöl kəndində erməni qəsbkarlarının hücumunun qarşısını alarkən döş qəfəsindən yaralanıb. Bir gün əvvəl qolundan yaralanan polkovnik-leytenant döyüş meydanını tərk etməsə də, həmin gün aldığı ağır yaradan sonra huşunu itirib. Xeyli müddət müalicə alandan sonra ona ikinci dərəcəli əlillik dərəcəsi verilib. O, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
“Hələ də müalicə kursunu davam etdirsəm də, çəkdiyimiz zəhmətin, apardığımız döyüşlərin uğurlu nəticəsi, qazanılan möhtəşəm Zəfər hər şeyi unutdurur. Çox xoşbəxtəm ki, qalib Ordunun döyüşçüsü olmuşam və Vətənimin çağırışına hay verərək həmin günlərdə öz övladlıq borcumu yerinə yetirmişəm”, - deyə zabit bildirib.