“ZAMANI MÜƏYYƏN ETMİŞ İNSAN”
Kitabda Özbəkistan Ali Məclisinin (parlamentinin) deputatı, respublika Elmlər Akademiyasının həqiqi üzvü, iqtisad elmləri doktoru, professor Murad Şərifxocayevin və hüquq elmləri doktoru Fəxri Rəhimovun son illər “Trud” qəzetində dərc edilmiş məqalələri toplanmışdır.
Müəlliflər kitabı Özbəkistan Respublikasının müstəqilliyinin bu il qeyd olunacaq 13-cü ildönümünə həsr etmişlər.
Özbəkistanın ölkəmizdəki səfiri Abdulqafur Abdurrəhmanov, Azərbaycan Baş nazirinin birinci müavini Abbas Abbasov, Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov mərasimdə çıxış edərək, Prezident İslam Kərimovun xidmətindən danışdılar, qısa tarixi müddətdə respublikanın əsrlərə bərabər yol keçdiyini vurğuladılar. Bildirildi ki, suveren Özbəkistanın banisi İslam Kərimovun kamil siyasi, hüquqi, ideya təlimləri əsasında müstəqillik illərində humanist, demokratik, hüquqi, dünyəvi dövlət qucuculuğunun, ədalətli vətəndaş cəmiyyəti yaradılmasının möhkəm konstitusiya-hüquqi bünövrəsi qoyulmuş, ölkənin inkişaf strategiyası dəqiq müəyyənləşdirilmişdir. Özbəkistanda islahatlar dönməz xarakter almışdır.
Kitabda Özbəkistanda milli dirçəliş, dövlətçiliyin təşəkkülü proseslərinin dərin təhlili verilir, nəzəri və praktiki ümumiləşdirmələrlə cəmiyyətin demokratik inkişaf yoluna yekun vurulur. Məqalələrdə Özbəkistanın öz böyük gələcəyinə doğru tarixi yolu izlənilir, ölkədə vətəndaş cəmiyyəti qurulması sahəsində müsbət və ibrətamiz təcrübə, nəzəri və praktiki cəhətdən əsaslandırılmış, suveren Özbəkistanın publisistik obrazı yaradılmış, Prezident İslam Kərimovun siyasi portretinin cizgiləri verilmişdir.
Çıxış edənlər Azərbaycan-Özbəkistan münasibətlərindən danışaraq vurğuladılar ki, ikitərəfli əməkdaşlığın möhkəmlənməsində, ona dinamizm verilməsində ümummilli liderimiz Prezident Heydər Əliyevin və Özbəkistan Prezidenti İslam Kərimovun çox böyük xidmətləri var. Onları şəxsi dostluq və qarşılıqlı hörmət telləri bağlayırdı. Natiqlər əmin olduqlarını bildirdilər ki, bu siyasət tezlklə Özbəkistana rəsmi səfərə gedəcək Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdiriləcəkdir. Onun qarşıdakı bu səfəri ölkələrimiz arasındakı münasibətlərin daha da inkişaf etməsinə təkan verəcəkdir.
Mərasimdə Milli Məclisin deputatları, nazirlər, digər rəsmi şəxslər iştirak edirdilər.