Zaporojyedə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş görüş-rekviyem keçirilib
Kiyev, 18 fevral, AZƏRTAC
Zaporojyedə Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş görüş-rekviyem keçirilib. Bu, Xarkov şəhərində Azərbaycanın fəxri konsulluğunun müvafiq aksiyalar silsiləsindən ikinci tədbiridir. Xəbər verdiyimiz kimi, bu silsilədən ilk tədbir Çerniqovda keçirilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Xarkovda fəxri konsulu Əfqan Salmanovun təşəbbüsü və dəstəyi ilə Ukraynanın altı ən iri şəhərinin sakinləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qanlı səhifəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə müfəssəl məlumat əldə edib.
Ukrayna kazaklarının beşiyi olan Zaporojyedə Xocalı qırğını haqqında həqiqəti öyrənməyə vilayət administrasiyasının millətlərarası münasibət idarəsinin rəisi Pavel Malo, vilayət administrasiyası, şurası və meriya nümayəndələri, “Motor Siç” zavodunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anatoli Malış başda olmaqla bu müəssisənin işçiləri, Zaporojye Texniki Universitetinin rektoratının nümayəndələri, tələbələr toplaşmışdı.
Əfqan Salmanov çıxışında qeyd edib ki, bu gün Azərbaycan xalqı dünya ictimaiyyətini bu faciəyə ədalətli mövqedən yanaşmağa səsləyir. Fəxri konsul deyib: “Dünya ictimaiyyəti bu faciə haqqında həqiqəti bilməlidir. Bu, təkcə azərbaycanlılara deyil, bütün dünyaya lazımdır ki, gələcəkdə insanlıq əleyhinə belə cinayətlərə yol verilməsin.
Əfqan Salmanov xüsusi vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında daim mühüm addımlar atır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev