ZAQATALA TÜTÜN İSTEHSALI VƏ EMALI MÜƏSSİSƏSİ İLƏ TANIŞLIQ
AZƏRTAC-ın müxbirləri xəbər verirlər ki, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 19-da Zaqatala rayonunda “İnter-Tobacco” MMC-nin tütün istehsalı və emalı müəssisəsində olmuşdur.
Dövlətimizin başçısına məlumat verildi ki, müəssisədə Bolqarıstanın “Ronis” şirkətinin istehsalı olan 60 ədəd tütünqurutma kamerası və 4 ədəd şitilxana quraşdırılmışdır. Şitilxanaların hər biri 55 hektar əkin sahəsini ətirli “Virciniya” sortlu tütün şitili ilə təmin edə bilir.
Yığılmış tütün yarpağı sahələrdən birbaşa zavoda gətirilir və qurudulmaq üçün kameralara yerləşdirilir. Hər kamera bir dəfəyə 8,5-9 ton yaş tütün qəbul edə bilir. Tütünün qurudulması prosesi 7-9 gün çəkir. Proses başa çatdıqdan sonra quru tütündən tay bağlanır və növlər üzrə anbarlara yığılır.
Müəssisə fermerlərdən əsasən, “Virciniya”, habelə açıq şəraitdə qurudulmuş “Berley” tütün sortları qəbul edir. 2008-ci ildə “İnter Tobacco” MMC-nin xətti ilə Zaqatala, Qax və Şəki rayonlarında 450 hektar sahədə “Virciniya” sortlu tütün əkilmişdir. İndiyədək sahələrdən 2300 ton tütün yarpağı yığılmışdır.
Hazırda müəssisədə 60 nəfər daimi, 120 nəfər isə mövsümi işçi çalışır. Onların orta aylıq maaşı 140-200 manatdır. İşçilərə nahar fasiləsində pulsuz yemək verilir.
2008-ci ildə müəssisə ABŞ istehsalı olan 14 ədəd yük maşını, 2 ədəd şitilbasdıran aqreqat, 2 ədəd tütünyığan kombayn, 2 ədəd traktor və digər yeni texnika almışdır.
Prezident İlham Əliyev müəssisənin ərazisini gəzdi, tütünyığan texnika, qurutma kameraları, şitilxanalarla tanış oldu.
Dövlətimizin başçısı bu tipli müəssisənin yaradılmasının əhəmiyyətini vurğuladı və ölkəmizin məhsullarının xarici bazara çıxarılması üçün gələcəkdə də qeyri-neft sektorunun inkişafına diqqət və qayğı göstəriləcəyini bildirdi.
Bununla da Prezident İlham Əliyevin Zaqatala rayonuna səfəri başa çatdı.
######
