Zaqatalada 162 nəfər könüllü qan verib
Zaqatala, 25 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala Rayon Mərkəzi Xəstəxanasında yanvarın 25-də təşkil edilən növbəti qanvermə aksiyasında 162 nəfər könüllü qan verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zaqatala Rayon İcra Hakimiyyətinin, TƏBİB-in və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin təşkilatçılığı ilə “Qan ver, həyat qurtar!” devizi ilə keçirilən aksiyanın əsas məqsədi talassemiya və hemofiliyalı xəstəliklərdən əziyyət çəkən insanlara kömək göstərmək, onlara dəstək olmaqdır.
Aksiyada rayonun ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, həmçinin sakinlər fəal iştirak ediblər. Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.