Zaqatalada Aprel şəhidlərinin xatirəsi anılıb
Zaqatala, 3 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan hərb tarixinin parlaq səhifələrindən olan Aprel döyüşlərindən doqquz il ötür. Bu döyüşlər 2020-ci ilin noyabr Zəfərinə, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbəyə, doğma Qarabağa yenidən dönüşümüzə aparan yolun ilk uğuru, başlanğıcı idi. Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, qüdrətini, qələbə əzmini, xalq ilə ordu arasında birliyini bütün dünyaya nümayiş etdirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2016-cı ilin Aprel döyüşləri zamanı Zaqatala rayonu da şəhidlər verib. Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatların qarşısını alarkən şəhidlik zirvəsinə ucalan Zaqatalanın qəhrəman oğulları Sərxan Bayramovun və Rəvan Nurayevin əziz xatirələri rayon sakinləri tərəfindən daim ehtiramla anılır.
Aprel döyüşlərinin ildönümü ilə əlaqədar rayon icra hakimiyyətinin, ictimaiyyətin nümayəndələri Sərxan Bayramovun və Rəvan Nurayevin məzarlarını ziyarət edərək üzərilərinə gül dəstələri düzüb, xatirələrini ehtiramla anıb, ruhlarına dualar oxuyublar.
Anım tədbirlərində rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Seyidov çıxış edərək, 2016-cı ilin Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüşlərdə göstərdiyi şücaətdən, qazanılan qələbənin əhəmiyyətindən danışıb. Vurğulanıb ki, Aprel döyüşləri gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəldib, qazanılan qələbə xalqımızın orduya olan inamını daha da artırıb. Bu döyüşlər böyük Zəfərə gedən yolun başlanğıcı olub.
Şəhid anaları çıxış edərək, Vətən uğrunda canlarından keçən övladları ilə hər zaman fəxr etdiklərini, şəhidlərimizin qanının yerdə qalmadığını, düşməndən amansız qisas alındığını vurğulayıb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.