ZAQATALADA İNVESTİSİYA KONFRANSI KEÇİRİLMİŞDİR
İqtisadi İnkişaf Nazirliyi, Dövlət Neft Şirkəti və rayon icra hakimiyyətinin birgə təşəbbüsü ilə keçirilən konfransda sərmayədarlar, müvəkkil kredit təşkilatlarının, bankların nümayəndələri, yerli iş adamları və sahibkarlar iştirak etmişlər.
Konfrans iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin şəhərin mədəniyyət və istirahət parkında ucaldılan abidəsinin önünə əklil və gül-çiçək dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər.
Sonra qonaqlar konfransın keçirildiyi “Qala düzü” şadlıq sarayının həyətində təşkil edilmiş yerli məhsulların sərgisi ilə tanış olmuş, sahibkarların problemləri ilə maraqlanmış, onların arzu və təkliflərini dinləmişlər.
Tədbiri giriş sözü ilə açan Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov konfransın rayonun təbii və iqtisadi potensialının yerli və xarici sərmayədarlara, iş adamlarına təqdim edilməsi məqsədi daşıdığını bildirmişdir.
Sonra ölkəmizdə aparılan iqtisadi islahatların müəllifi ulu öndərimiz Heydər Əliyevə, həmçinin Prezident İlham Əliyevin respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində Zaqatalada keçirdiyi görüşlərə həsr olunmuş filmlər nümayiş etdirilmişdir.
Konfransda Zaqatala rayonunun təbii və iqtisadi potensialı barədə geniş məruzə ilə çıxış edən icra hakimiyyətinin başçısı Asif Əsgərov müvafiq Dövlət Proqramının qəbul edilməsindən keçən müddət ərzində rayonda iqtisadiyyatın dinamik inkişafının təmin edilməsi, sənayenin, aqrar bölmənin inkişaf etdirilməsi, kənd təsərrüfatı məhsulları istehsalının artırılması, yerli ehtiyatlardan və xammal mənbələrindən istifadə edilməsi sahəsində görülən işlər barədə danışmış, bu istiqamətdə yeni emal müəssisələrinin yaradılmasının, özəlləşdirilən dövlət müəssisələrinin fəaliyyətinin bərpa edilməsinin, habelə yerli sahibkarların kredit ehtiyaclarının ödənilməsinin vacibliyini xüsusi vurğulamışdır.
Konfransda iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov, Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri, akademik Ziyad Səmədzadə və “Azərsun-holdinq” şirkətlər qrupunun prezidenti Abdulbari Gözal çıxış edərək, respublikamızda uğurla həyata keçirilən iqtisadi islahatlar barədə danışmış, Zaqatalanın sosial-iqtisadi inkişafı ilə bağlı təkliflərini bildirmişlər.
Konfransda çıxış edən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev ölkəmizdə həyata keçirilən uğurlu neft strategiyası barədə geniş məlumat vermiş, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində hazırda respublikamızın bütün regionlarında sosial-iqtisadi inkişafda tarazlığın təmin olunduğunu, bölgələrlə paytaxt arasında kəskin fərqlərin tədricən aradan qaldırıldığını diqqətə çatdırmış, nəzərdə tutulan layihələrin həyata keçirilməsi nəticəsində Zaqatalanın tezliklə ən abad və varlı şəhərlərindən birinə çevriləcəyinə əminliyini bildirmişdir.
Müzakirələrdən sonra konfrans öz işini başa çatdırmışdır.