CƏMİYYƏT
“Zəfər” futbol turnirinə yekun vurulub
Bakı, 7 noyabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Anım Günü və şanlı Qələbəmizin dördüncü ildönümünə həsr olunmuş “Zəfər” futbol turniri yekunlaşıb.
Bu barədə AZƏRTAC-a nazirlikdən məlumat verilib.
Turnirdə Kənd Təsərrüfatı Nazirliyi, nazirliyin tabeli qurumları, eləcə də aqrar sahədə fəaliyyət göstərən şirkətlərin on altı komandası iştirak edib. Qrup daxilində keçirilmiş oyunlar nəticəsində ilk iki yeri tutmuş komandalar dörddə bir final mərhələsində mübarizə aparmaq hüququ qazanıb.
Oyunlar Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının hakimləri tərəfindən idarə edilib.
Noyabrın 7-də keçirilən final görüşündə “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin və “Grand Agro” MMC-nin komandaları qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən oyunda “Grand Agro” MMC-nin komandası qalib gəlib. “Aqroservis” ASC-nin komandası II yerə, “MKT İstehsalat Kommersiya” MMC-nin komandası üçüncü yerə yiyələnib. Qalib komandalara fəxri fərmanlar, kubok, medal və mükafatlar təqdim olunub.
Turnirin keçirilməsində əsas məqsəd 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş şəhidlərimizin əziz xatirəsini yad etmək, eləcə də kollektivlər arasında dostluq əlaqələrinin gücləndirilməsi, işçilərin asudə vaxtlarının səmərəli təşkili və idmanın kütləviliyinin təmin olunmasıdır.