Zəngin mədəniyyətimiz mədəniyyətlərarası dialoqda uğurla iştirak etmək üçün əvəzsiz xəzinədir
Berlin, 23 aprel (AZƏRTAC). Almaniyanın mədəniyyət və incəsənət ictimaiyyəti üçün mübadilə portalı olan “globe-M” Azərbaycan Respublikasının Almaniyadakı səfiri Pərviz Şahbazovdan Azərbaycan mədəniyyəti və onun dünyada, o cümlədən Almaniyada təbliğatına dair müsahibə götürmüşdür (http://globe-m.de/de/node/11748).
Səfir əvvəlcə Almaniyadakı diplomatik fəaliyyəti dövrünə aid təəssüratları ilə, Almaniya və Berlin şəhərinin özünəməxsus xüsusiyyətləri, Azərbaycanda Almaniya haqqında olan təsəvvürlə bölüşür, Azərbaycanda Almaniyanın “sənaye, elm, tədqiqat və filosoflar ölkəsi” kimi tanındığını qeyd edir.
P.Şahbazov Azərbaycanın dünya sivilizasiyasının ən qədim beşiklərindən biri, coğrafi baxımdan mədəniyyətlərin qovuşuğunda yerləşən və dini tolerantlığa söykənən mədəniyyət ölkəsi olmasını, əsrlərdən bəri Azərbaycan ərazisində müxtəlif millətlərin, mədəniyyətlərin və dinlərin nümayəndələrinin dinc birgə yaşamasının ölkənin mədəni zənginliyi və müxtəlifliyinə səbəb olmasını vurğulayır.
Azərbaycan mədəniyyətinin hansı aspektlərinin Almaniyada təbliğ olunması üçün əlverişli olması sualına cavabında P.Şahbazov Azərbaycan musiqisinin - istər caz-muğam sintezi kimi müasir, istərsə də aşıq musiqisi kimi qədim musiqi janrlarının, Azərbaycan klassik poeziyasının, milli xalçaların, Azərbaycanda artıq geniş vüsət almış “modern art” incəsənət janrı nümunələrinin Avropa və Almaniya ictimaiyyəti tərəfindən böyük maraqla qarşılandığını bildirmişdir.
Azərbaycanın mədəni təbliğatının hansı qurumlar tərəfindən həyata keçirilməsi haqqında verilmiş suala səfir bu işin ümumi əlaqələndirilməsini Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirildiyini diqqətə çatdırmış, səfirlik və diaspora təşkilatlarının mədəniyyət sahəsində Azərbaycan tərəfi ilə təmasların qurulmasında və əməkdaşlıqda yardımçı olduğunu bildirmişdir. P.Şahbazov Azərbaycan və dünya mədəniyyətləri arasında dialoqun təşviq edilməsi, ölkəmizdə və onun sərhədlərindən kənarda mədəni irsin qorunub saxlanması və müasir incəsənətin təşviq edilməsi istiqamətində xüsusi rol oynayan Heydər Əliyev Fondunun dəstəyi ilə Almaniyada həyata keçirilmiş tədbirləri Azərbaycan mədəniyyətinin təbliği işində uğurlu layihələr adlandırmışdır.
Səfir müsahibədə həmçinin müasir dövrdə Azərbaycanda müxtəlif incəsənət sahələrində müşahidə olunan tendensiyalar, incəsənətdə populyar olan mövzu və janrlar, şahmat oyunun Azərbaycanın mədəni həyatında yeri, Azərbaycanda müasir incəsənətin inkişafında gənclərin rolu və dövlətin bu işə böyük qayğısından söhbət açmışdır. P.Şahbazov qeyd etmişdir ki, bizim zəngin mədəniyyətimiz ölkəmizin dünya birliyinə inteqrasiyası və mədəniyyətlərarası dialoqda uğurla iştirak etməsi üçün əvəzsiz xəzinədir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin