Zərdab rayonunda Həsən bəy Zərdabi parkı yenidənqurmadan sonra istifadəyə verilib
Zərdab, 12 may, AZƏRTAC
Zərdab rayonunda Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi adına mədəniyyət və istirahət parkı yenidən qurularaq istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumi sahəsi 1,1 hektar olan parkda smeta dəyəri 360 min manat olan yenidənqurma işlərinə cari ilin yanvar ayında başlanılıb. Parkda müasir memarlıq üslubunda giriş qapısı quraşdırılıb, 200 kvadratmetr ərazini əhatə edən fontan kompleksi inşa edilib. Zərdabinin heykəlinin postamenti və ətrafı yüksək keyfiyyətli mərmər tavalarla üzlənilib. Parkın ərazisində sahəsi 500 kvadratmetr olan uşaq əyləncə mərkəzi tikilib, ağ lay tavalarla üzlənib və metal məhəccərlərlə haşiyələnən 280 metr uzunluğunda hasar inşa edilib. Parkın işıqlanma sistemi yenidən işlənib və 44 ədəd müxtəlif növ işıqlandırıcı quraşdırılıb.
Həsən bəy Zərdabinin adını daşıyan parkda 1200 kvadratmetr yaşıllıq zolağı da yaradılıb. Burada 600 ədəd müxtəlif növ ağac və gül kolları əkilib. 2 ədəd kölgəlik, 12 ədəd dekorativ oturacaq və tullantı qabları quraşdırılıb.
Parkın tikintisində 1350 kvadratmetr mərmərdən, 550 kvadratmetr tametdən, 500 kvadratmetr ağ lay tavalardan və digər materiallardan istifadə olunub, 300 kvadratmetr sahəyə asfalt örtük döşənib.