ZEYNƏB CAVADLI ABŞ TURNİRİNDƏ 9-CU YERİ TUTMUŞDUR
Azərbaycan gimnastı Zeynəb Cavadlı Kaliforniya ştatının Kalver şəhərində keçirilən beynəlxalq turnirdə 9-cu yeri tutmuşdur. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Zeynəb bu nəticəni halqa ilə çıxışlarında göstərmişdir. Amerika şərhçiləri Bakı gimnastika məktəbinin yetirməsinin kompozisiyasını və gözəl idman formasını vurğulayaraq, onun haqqında xeyli tərifli söz demişlər: “Zeynəb artıq yeniyetmə yaşından çıxmış və əslində, tanınmış rəqibləri ilə bərabər mübarizə aparmışdır”.
Zeynəb lentlə hərəkətlərdə 10-cu, mütləq çoxnövçülükdə isə 23 iştirakçı arasında 12-ci yeri tutmuşdur.
ABŞ turnirinin qalibi isə proqramın 5 növünün hamısında liderlik edən belaruslu İnna Jukova olmuşdur. İkinci yerə onun həmvətəni Lyubov Çerkaşına, üçüncü yeri isə İsrail təmsilçisi İrina Risenson çıxmışlar.
Gimnastika Federasiyasının mətbuat xidmətindən həmçinin bildirmişlər ki, milli yığmamızın liderləri Aliyə Qarayeva və Anna Qurbanova ilin ən vacib yarışları, o cümlədən iyunun 29-dan iyulun 1-dək Bakıda keçiriləcək Avropa çempionatı ərəfəsində - yanvarın 27-də İtaliyada “A” seriyalı klub birinciliyinin birinci mərhələsində iştirak edəcəklər.
A.Qurbanova bu il də “Ardor” (Paduya) klubunun idman şərəfini qoruyacaq, A.Qarayeva isə “San-Corcio-79” komandasının tərkibində ilk dəfə yarışacaqdır. Spoleto şəhərində keçiriləcək yarışların ikinci mərhələsi fevralın 10-da, üçüncüsü fevralın 24-də, finalı isə martın 10-da olacaqdır.
Xatırladaq ki, ötən il hər iki klub çempionatın gümüş medalını qazanmışdır. Qurbanovanın “Ardor” komandası “A1”, Dinara Gimatovanın “San-Corcio-79” komandası isə “A2” seriyasında ikinci yeri tutmuşlar.