İQTİSADİYYAT
Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi aparılır VİDEO
Bakı, 15 avqust, AZƏRTAC
Bakı şəhəri Suraxanı rayonunun Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi ilə bağlı “Azəravtoyol” ASC tərəfindən müvafiq işlər görülür.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ilkin mərhələdə sözügedən avtomobil yolunun 5 kilometrlik hissəsinin tikintisi aparılır. Burada yolun hərəkət hissəsinin eni 9-10 metr arası dəyişir.
Təmir işləri çərçivəsində zəruri olan yerlərdə yol yatağının yararsız qruntu 1-1,5 metr dərinlikdə qazılaraq çıxarılıb. Daha sonra karbonat materialı tökülərək yeni yol yatağı, qırmadaş layı döşənərək isə yol əsası tikilib. Yolboyu yeraltı kommunikasiya xətləri yeniləri ilə əvəzlənib, bəziləri yolun hərəkət hissəsindən kənara çıxarılıb.
Bundan başqa yolboyu köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb, hərəkət hissə asfaltlanması üçün hazır vəziyyətə gətirilib. Hazırda yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Ümumilikdə 73 min kvadratmetr sahənin asfaltlanması nəzərdə tutulub.
Eyni zamanda, vətəndaşların avtomobil yolunun kənarı ilə təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yolboyu zəruri olan yerlərdə hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkilərinin tikintisi işləri də aparılır.
Ümumilikdə yolboyu 6 min poqonmetr yeni səki daşı düzüləcək.
Təmir-tikinti işləri zamanı yolun hərəkət hissəsindən səth sularının ötürülməsi üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulub, qrunt sularının ötürülməsi üçün isə drenaj borular qoyulub.
Bütün işlər tərtib olunmuş cədvələ uyğun aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Qeyd olunub ki, Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi ilə 3 yaşayış məntəqəsinin 63 min nəfər əhalisinin gediş-gəlişi xeyli rahatlaşacaq.