QAN YADDAŞI
Türkiyə parlamentinin deputatı 20 Yanvar faciəsi ilə bağlı bəyanatla çıxış edib VİDEO
İstanbul, 19 yanvar, АZƏRTAC
Türkiyə Böyük Millət Məclisinin bu gün keçirilən iclasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar 20 Yanvar faciəsi ilə bağlı bəyanatla çıxış edib.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Azərbaycanda törətdiyi tarixi cinayət haqqında danışan deputat həmin gün baş verən hadisələri Azərbaycanın və Türkiyənin ortaq dərdi kimi dəyərləndirib.
Necdet Ünüvarın çıxışı qardaş ölkənin parlamentində kövrək anlara səbəb olub. Tarixi faciələr barədə fikir və mülahizələrini bölüşən deputat diqqətə çatdırıb ki, 20 Yanvar faciəsi Azərbaycanda olduğu kimi, Türkiyədə də əbədiyyətə qədər unudulmayacaq qanlı hadisədir.
Nuru paşanın komandanlığı ilə Azərbaycan xalqının köməyinə gələn Qafqaz İslam Ordusu hərbçilərinin şücaəti ilə 20 Yanvar şəhidlərinin qəhrəmanlığını eyniləşdirən Necdet Ünüvar diqqətə çatdırıb ki, həmişə bir-birinin yanında olmaq xalqlarımızın qardaşlıq xüsusiyyətləridir. Azərbaycan və Türkiyə bayraqlarındakı qırmızı rəngi şəhidlərimizin qanının rəngi kimi dəyərləndirən deputat şəhidlərimizə Allahdan rəhmət diləyib, xalqımıza başsağlığı verib.
Deputatın çıxışı Türkiyə ictimaiyyəti tərəfindən böyük diqqətlə qarşılanıb. Onun çıxışının mətni və videosu sosial şəbəkələrdə də sürətlə yayılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul