REGİONLAR
Donan göl ərəb turistlərin diqqətini çəkib VİDEO
Quba, 9 fevral, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunun əsrarəngiz qış mənzərələri həm yerli, həm də xarici turistləri özünə cəlb edir. Rayona gələn turistlər əsasən Xınalıq, Qırız, Afurca kimi ucqar kəndlərə, həmçinin Qəçrəş meşələrinə üz tuturlar. Son illər Qubanın II Nügədi kəndindəki Çənlibel adlandırılan süni göl də qonaqların ən çox ziyarət etdiyi məkanlardan birinə çevrilib.
AZƏRTAC xəbər verir ki, 10 hektardan çox ərazisi olan gölün donması turistlərin marağına səbəb olub. Gölün üzərindəki buz örtüyünün qalınlığı 10 sm-ə çatır. Buz qatının üzərində sərbəst gəzmək də mümkündür.
Donmuş göl regiona səfər edən ərəb turistlərin də diqqətini çəkib. Birləşmiş Ərəb Əmirliklərindən gələn qonaqlar gölün donmuş vəziyyətini görmək üçün II Nügədi kəndinə üz tuturlar.
Kənd sakinləri bu gölün ötən əsrin 50-ci illərində torpaqların suvarılması məqsədilə yaradıldığını bildirirlər. Çənlibel gölü şirin sulu olduğundan şaxtalı havada donur. Gölün yerləşdiyi ərazidə temperatur axşam saatlarında mənfi 15 dərəcəyədək enir. 10-15 metrə qədər dərinliyi olan Çənlibeli yerli sakinlər Göygölə bənzədir.
Qubanın II Nügədi kəndinin ərazisində daha 2 göl də var ki, onların da suyu qış aylarında donur. Bu göllərin suyundan əsasən təsərrüfatların suvarılmasında istifadə edilir.