QAN YADDAŞI
“ATV Qalereya”da vətənpərvərlik mövzusunda sosial reklam plakatları sərgisi açılıb VİDEO
Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 24-də “ATV Qalereya” sərgi salonunda vətənpərvərlik mövzusunda sosial reklam plakatları sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgini “ATV Qalereya” və “Azərbaycan Reklamçılar İttifaqı” İctimai Birliyi təşkil edib.
“Azad Azərbaycan” Teleradio Şirkətinin Bədii Şurasının sədri Etibar Babayev “ATV Qalereya”da artıq ikinci ildir ki, sərgilər təşkil edildiyini söyləyib. Bildirib ki, sərgilər bir ay davam edir. Televiziyanın geniş auditoriyaya sahib olduğunu vurğulayan E.Babayev qeyd edib ki, qalereyanın ekspozisiyası kanalın yayım əhatəsinə daxil olan hər yerdə, hər məkanda arzu edənlərin üzünə açıqdır.
Bugünkü sərginin Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunduğunu deyən Etibar Babayev bu faciənin dünya ictimaiyyətinə tanıdılması istiqamətində respublikamızda və xarici ölkələrdə aparılan təbliğat işlərindən danışıb.
“Azərbaycan Reklamçılar İttifaqı” İctimai Birliyi idarə heyətinin sədri Hacı Əmi Atakişiyev bildirib ki, plakatlarda vətənpərvərlik mövzusu, eləcə də Xocalı faciəsi əks olunub. Sosial reklamın təbliğat işində təsir gücü böyükdür. Bu plakatların respublikanın cəbhə xəttində yerləşdirilməsi planlaşdırılır.
Xalq Rəssamı Arif Hüseynov, Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev vətənpərvərlik mövzusunda hazırlanan plakatların böyük rolunu qeyd edərək sərginin yüksək bədii xüsusiyyətləri ilə seçildiyini söyləyiblər. Xocalı faciəsinin şahidləri hadisənin dəhşətlərindən danışıb, soyqırımının real faktlar əsasında dünya ictimaiyyətinə çatdırılımasının vacibliyini vurğulayıblar.
Sərgi bir ay davam edəcək.